Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinin keçmiş müşaviri Aleksey Arestoviçə sanksiya tətbiq edib.

Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısının 1 may tarixli 267/2025 nömrəli fərmanında deyilir.

Sanksiyalara dövlət təltifləri və digər statuslardan məhrumetmə, aktivlərin dondurulması, ticarət əməliyyatları, resursların tranziti, uçuşlar və Ukrayna ərazisindən daşınmanın dayandırılması daxildir. Bura həmçinin kapitalın ölkədən çıxarılmasının qarşısının alınması, mediada təbliğatın qadağan edilməsi və digər iqtisadi və maliyyə tədbirləri aiddir.

Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Arestoviç Zelenskinin ofisində yüksək vəzifə tutub. 2023-cü ilin yanvarında Dneprdə bir evi dağıdan raketin Ukrayna ordusu tərəfindən atıldığını iddia edib. Ukrayna Silahlı Qüvvələri bu bəyanatı təkzib etsə də, Rusiyada uzun müddət təbliğat materialı kimi istifadə olunub.

Arestoviç bundan sonra müşavir vəzifəsindən uzaqlaşdırılıb və ölkəni tərkib edib. Hazırda ABŞ-də yaşayan keçmiş müşavir Ukraynanın siyasi-hərbi rəhbərliyini, xüsusən də Prezident Zelenskini fəal şəkildə tənqid edir, Kiyevi Rusiya ilə danışıqlara çağırır və Moskvanın mövqelərini əks etdirən açıqlamalar verir./teleqraf


MANŞET XƏBƏRLƏRİ