Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozub.
Belə ki, Ermənistan Ordusunun bölmələri aprelin 30-da günorta saatlarında Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Qədəbəy rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfin təxribatına cavab olaraq Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Rəsmi Bakı bu cür insidentlərin Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu və bölgədə sülhə və sabitliyə ciddi təhdid yaratdığını bəyan edir. Son aylar ərzində Ermənistan tərəfinin bu istiqamətdə təxribatlarının artması, həmçinin beynəlxalq platformalarda özünü "sülh tərəfdarı" kimi təqdim etməyə çalışması Azərbaycan cəmiyyətində və ekspert dairələrində ciddi suallar doğurur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Ermənistan tərəfi hər dəfə Azərbaycanla şərti sərhəd zolağında atəşkəsi pozduqdan sonra rəsmi Bakıya müraciət edərək atəşkəsin pozulmasını monitorinq edən xüsusi mexanizmin yaradılmasını tələb edir.
Tural Gəncəliyev: Hazırda Ermənistan və Azərbaycan arasında komissiya fəaliyyət göstərir
Deputatın sözlərinə görə, bu çağırışların arxasında Avropa İttifaqının bölgədə fəaliyyət göstərən "müşahidə missiyası" dayana bilər:
“Avropa İttifaqının müşahidə missiyası və onlara dəstək verən qüvvələr çalışırlar ki, Azərbaycanın Cənubi Qafqaz siyasətini məhdudlaşdırsınlar. Onlar guya ‘mexanizm’ adı altında Azərbaycanın bölgəyə dair siyasətini müəyyən çərçivəyə salmaq istəyirlər. Halbuki, belə bir mexanizmə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan və Azərbaycan arasında birgə sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir”.