Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlərin əsas hissəsini qadın və uşaqlar təşkil edir. Bunu məişət zorakılığına məruz qalanların statistikasından da görmək mümkündür.
Bu ilin, yəni 2025-ci ilin 3 ayı ərzində 223 nəfər məişət zorakılığına məruz qalıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, onlardan 117-i qadın, 13-ü kişi, 49 oğlan, 44 qız olmaqla 93-ü uşaqdır.
Qeyd edilib ki, kişilər, əsasən psixi zorakılığa məruz qalırlar.
Bildiyimiz kimi, ölkədə qadın və uşaq sığınacaqları fəaliyyət göstərir. Bu sığınacaqlara zorakılığın istənilən növünə məruz qalanlar, həmçinin, məişət zorakılığından əziyyət çəkən qadın və uşaqlar yerləşdirilir.
Bəs məişət zorakılığına məruz qalan kişilər üçün belə sığınacaqlar varmı? Getməyə, qalmağa yeri olmayan kişilər hara sığınmalıdırlar?
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin müvafiq müəssisəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyət göstərir:
“1 avqust 2021-ci il tarixindən fəaliyyət göstərən şöbənin yaradılma məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması və məişət zorakılığı probleminin, onun doğurduğu nəticələrin aradan qaldırmasının uzunmüddətli həllinə nail olmaqdır.
Şöbədə məişət zorakılığı qurbanı və onun ailə üzvlərinin (övladları) birgə yaşaması, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Şöbəyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür”.
Məlumatda qeyd edilib ki, ötən dövrdə şöbəyə kişi müraciəti daxil olmayıb:
“Hazırda şöbədə 15-i qadın, 2-si uşaq olmaqla 17 nəfərə müvafiq reabilitasiya xidmətləri göstərilir. Proses digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəklində aparılır. Şəxsin himayəsində yetkinlik yaşına çatmayan şəxs varsa, yetkinlik yaşına çatmayan şəxsin bütün hüquqlarının qorunması təmin edilir, o cümlədən təhsilə cəlb edilir. Şöbəyə qəbul yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət, birbaşa müraciət və məişət zorakılığına məruz qalma faktının təsdiqlənərək müvafiq aktın tərtibi ilə həyata keçirilir”.