Rusiya-Ukrayna müharibəsində yeni mərhələyə keçidin siqnalları artıq özünü göstərməkdədir. ABŞ Prezidentinin təhlükəsizlik müşaviri Kit Kelloqun verdiyi son açıqlama – Kiyevin siyasi həll naminə müəyyən ərazi güzəştlərinə hazır olması – münaqişənin gələcək trayektoriyası və beynəlxalq ictimaiyyətin bu prosesə münasibətində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Kelloqun sözlərinə görə, Ukrayna rəhbərliyi artıq anlayır ki, müharibənin yekun mərhələsi yalnız danışıqlar masasında mümkün ola bilər. Bu isə o deməkdir ki, uzun müddətdir davam edən qarşıdurmanın hərbi yolla həllinin mümkünsüzlüyü Kiyev tərəfindən də qəbul edilir. Belə bir yanaşma regionda güc balansının dəyişməsinə və siyasi nizamlamaya doğru real addımların atılmasına şərait yarada bilər.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, mövcud situasiyada şərtlər Ukraynanın müəyyən güzəştlərə getməsini qaçılmaz edir:
“Təəssüf ki, indiki mərhələdə şərtlər Ukraynanın mütləq şəkildə güzəştə getməsini tələb edir. Bu güzəştlərin konkret hansı istiqamətləri əhatə edəcəyi ilə bağlı dəqiq fikir bildirmək çətindir. Lakin aydındır ki, Rusiya Krımın işğalının de-yure tanınmasına nail olmaq üçün bütün təsir rıçaqlarından istifadə etməyə çalışacaq. Ona görə düşünürəm ki, ərazi güzəştləri bu və ya digər formada gündəmə gələ bilər.
Aytən Qurbanova
Nəticə etibarilə, danışıqların hansı formatda və istiqamətdə aparılmasından asılı olmayaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı müəyyən kompromislərə gediləcəyi ehtimal olunur”.