Kommunistlər olmasaydı, bu gün Ermənistan mövcud olmayacaqdı.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Estoniyaya səfərini və onun Tallinndə kommunizm (Stalin repressiyası) qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etməsini şərh edən rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Paşinyan mayın 9-da Moskvaya səfəri ilə bağlı Avropa İttifaqı istiqamətindən yarana biləcək mənfi təsirləri neytrallaşdırmağa çalışır. Düşünürəm ki, o, ümumiyyətlə, həmin gün Moskvada olmaq istəmir, amma vəziyyət elədir ki, Ermənistan qələbə paradında iştirak etməməklə, nəinki Rusiya ilə, digər ölkələrlə də münasibətlərini tamamilə pozardı. Hesab edirəm ki, Paşinyan belə bir qarşıdurmaya hazır deyil, buna görə də Moskvaya gəlməlidir.
Tallində kommunizmin qurbanları abidəsini ziyarətə gəlincə, o, tarazlığı saxlamağa çalışır, Qərbə göstərir ki, Moskvaya getməyə məcburdur”, - rusiyalı analitik bildirib.
Tarasov qeyd edib ki, Ermənistan bu gün bir dövlət kimi mövcudluğunu kommunistlərə borcludur:
“Məsələ Rusiyanın kommunist ölkəsi olmasında deyil, məsələ budur ki, kommunistlər olmasaydı, bu gün Ermənistan mövcud olmayacaqdı”./teleqraf