Texnologiya irəlilədikcə artıq insanlar üçün bir çox işlər asanlaşır. Əsasən də süni intellekt ortaya çıxdıqdan sonra insanlar çox işlərini onun vasitəsi ilə görürlər. Bəs süni intellektin müsbət tərəfi olduğu kimi hansı mənfi tərəfiləri də varmı?
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Turkustan. az-ın suallarını cavablandırıb.
İKT eksperti bildirib ki, “yeni bir dövr artıq davam etməkdədir və yeni bir dövr yaşayırıq. Bu dövr süni intellekt dövrdür. Dördüncü sənaye inqilabı ilə birgə süni intellektin də həyatımıza girdiyi bir dövr yaşayırıq. Yəni süni intellekt uzun illərdir var idi, amma bu həddə deyildi. Təbii ki, hər bir texnologiya inkişaf etdikcə onun mənfi və müsbət tərəfi ortaya çıxır. Görürük ki, süni intellekt proqramlarından faydalı məlumatlar əldə edə bilirik. Həmçinin kiber dələduzlar, kiber hücumçular, kiber cinayətkarlar, süni intellekti mənfi və müsbətdə də çox yaxşı istifadə edirlər. İnsanların şəxsi məlumatlarını, maliyyə resurslarını əldə edə bilirlər. Misal üçün: əvvəllər daha qəliz əldə etdikləri hücum növünü indi daha rahatlıqla edirlər. Avropada və ABŞ-da süni intellekt vasitəsi ilə bir nəvənin adından nənə və babaya mesaj göndərirlər. Görüntülü səsli multimedia göndərirlər və nəvə öz babasından nənəsindən pul istəyir, ona bank hesabı verir, kart məlumatı verir və nənə-baba ora pul köçürür. Bunların hamısı süni intellekt vasitəsilə həyata keçirilir. Yəni hər bir tərəqqidə olan texnologiya mənfi və müsbət tərəfləri ilə inkişaf edir. Süni intellekt gələcəkdə peşələri əlimizdən alacaq deyirik, gələcəkdə bizim bir çox işlərimizi süni intellekt idarə edəcək. Əslində bu yaxşı bir şeydir. İnsan daha çox təfəkkürə yönələcək, yeni kəşflər, tərəqqi, yeni texnologiyalar fikirləşə biləcək. Çünki süni intellekt bizi bütün fiziki işlərdən azad edəcək. Bu müsbət bir şeydir. Süni intellekt hər sahədə inkişaf edir.”
Ekspert əlavə olaraq bildirib ki, “amma eyni zaman süni intellektin mənfi tərəflərindən də kifayət qədər istifadə olunur. Təbii ki, bundan kiber cinayətkarlar, kiber dələduzlar, kiber talançılar, kiber oğrular öz xeyirlərinə istifadə edirlər.
Adətən belə olur ki, kiber dələduzlar, kiber cinayətkarlar həmişə iki-üç addım daha qabaqda olurlar və ona görə də onlar süni intellekti daha yaxşı mənimsəyirlər və gələcəkdə bu məsələ təbii ki, çox aktual hala gələcək. Yəni süni intellektin cinayətkarlıq motivlərində də istifadə olunması çox aktual olacaq. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Kütləvi olaraq insanlar maarifləndirilməlidir. Rəqəmsal səriştəlik əldə etməlidir, dövrün tələbləri ilə ayaqlaşmalıdır. Süni intellekti artıq hər kəs istifadə edir. Tələbələr də istifadə edir, yetişkin bir insan da istifadə edir. Təbii ki, süni intellekt peşəkar sahədə daha böyük nəticələr verir. Hər bir halda süni intellektin müsbət istifadə edildiyi qədər mənfi tərəflərindən də bir çox yönlü istifadə olunur”.
Eltac Zülfüqaroğlu/Turkustan. Az