İsmayıl Bekayi: ABŞ-la danışıqlarda hələ yekun razılaşma yoxdur


İran Xarici İşlər Nazirliyinin sözçüsü və nüvə danışıqları üzrə nümayəndə heyətinin təmsilçisi İsmayıl Bekayi bildirib ki, ABŞ-ın İrana qarşı addımlarından qaynaqlanan fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonla danışıqlar prosesi davam edir.

Turkustan.az xəbər verir ki, televiziya proqramlarından birində çıxış edən Bekayi ABŞ-la aparılan danışıqlarla bağlı açıqlamalar verib.

Bekayi qeyd edib ki, danışıqlar prosesi davam etsə də, hələlik yekun razılaşmanın əldə olunacağı görünmür. O, İran və ABŞ arasında dərin fikir ayrılıqlarının qaldığını vurğulayaraq deyib:

“Bir neçə həftə və ya bir neçə ay ərzində keçirilən səfərlər və danışıqlarla qəti nəticəyə gələcəyimizi söyləmək olmaz.”

O bildirib ki, diplomatiya zaman tələb edir və prosesi irəli aparmaq üçün bütün imkanlardan istifadə edilməlidir. Bekayinin sözlərinə görə, hazırda əsas diqqət bölgədə müharibənin dayandırılmasına yönəlib və nüvə məsələsi bu mərhələdə hələ tam həll olunmayıb.

Bekayi həmçinin bölgədəki bütün cəbhələrdə müharibənin dayandırılmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, Hörmüz boğazı ilə bağlı ABŞ-ın tətbiq etdiyi dəniz blokadası məsələsi də hələ müzakirə mərhələsindədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ