Meloni: NATO daxilində gərginliklərə müsbət baxmıram


İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ və İspaniya arasında NATO ilə bağlı yaranan gərginliyə müsbət yanaşmadığını bildirib və Atlantik Alyansının Avropa hissəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Meloni bu fikirləri Kipr Respublikasında keçirilən qeyri-rəsmi Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsindən sonra italyan jurnalistlərə açıqlamasında səsləndirib.

O, ABŞ və İspaniya arasında artan gərginliyə münasibət bildirərək deyib: “ABŞ və İspaniya arasında NATO ilə bağlı gərginliyə müsbət baxmıram. Biz NATO-nu və Alyansın Avropa hissəsini gücləndirməliyik. Daha balanslı və bir-birini tamamlayan Avropa komponenti olmalıdır”.

Meloni həmçinin qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə İrandakı vəziyyətin uzanması Aİ daxilində iqtisadi və siyasi qərarlara da təsir göstərə bilər. Bu çərçivədə o, Sabitlik və Böyümə Paktının dayandırılması ilə bağlı Almaniya ilə razılıq əldə olunması ehtimalının mövcud olduğunu bildirib.

“Almanlar da vəziyyətin nə qədər çətin olduğunu və qarşılaşdığımız problemləri anlayırlar,” – deyə, Meloni əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ