Aylıq gəliri aşağı olan vətəndaşların bank və kredit təşkilatlarından borc əldə etməsi məsələsi son dövrlər daha da aktuallaşıb. Kredit şərtlərinin sərtləşməsi, rəsmi gəlirin əsas meyar kimi ön plana çıxması bu kateqoriyadan olan şəxslərin maliyyə resurslarına çıxışını çətinləşdirir və bazarda yeni sosial-iqtisadi risklər yaradır.
Bəs bu tendensiya davam edərsə, aşağı gəlirli vətəndaşların kreditə çıxışı tamamilə məhdudlaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, artıq əhalinin müəyyən hissəsi banklardan və bank olmayan kredit təşkilatlarından kredit əldə etməkdə çətinlik çəkir.

“Bəzi vətəndaşların gəliri faktiki olaraq ailə xərclərini qarşılasa da, rəsmi sənədlərdə bunun əks olunmaması onların kredit imkanlarını məhdudlaşdırır.
Artıq bir qisim insan onsuz da banklardan, bank olmayan kredit təşkilatlarından kredit ala bilmir. Rəsmi gəliri yoxdur və ya rəsmi gəliri azdır. Halbuki həmin gəlir ailəsinə çatır”.
Ə.Həsənov vurğulayıb ki, bu tendensiya gələcəkdə daha da güclənəcək və nəticədə həm vətəndaşlar, həm də bank sektoru üçün problem yaradacaq.
“Kreditə ehtiyacı olan şəxslər maliyyə resurslarına çıxış imkanını itirəcək, banklar isə kredit verə bilmədikləri üçün gəlir əldə etməkdə çətinlik çəkəcəklər. Bu proses hər iki tərəf üçün problemə çevriləcək”,– deyə ekspert əlavə edib.
Qeyd olunur ki, kredit bazarında mövcud vəziyyətin davam etməsi qeyri-rəsmi gəlirlərin yüksək olduğu ölkələrdə maliyyə inklüzivliyinin zəifləməsinə səbəb ola bilər. Bu isə alternativ maliyyə mexanizmlərinin və daha çevik kredit siyasətlərinin tətbiqini aktuallaşdırır.