Xəbər verdiyimiz kimi, ölkəmizdə ictimai nəqliyyatda qiymət dəyişikliyi olub.
Turkustan.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Belə ki, Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.
Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.
Dəyişikliyin ardından vətəndaşlar arasında narazılıqlar artmağa başlayıb. Sosial şəbəkə hesablarında qiymət artımından narazılıqlarını dilə gətirən insanlar bu dəyişikliyə etiraz ediblər. Onlardan bəziləri qardaş ölkə Türkiyəni misal çəkərək bildiriblər ki, orada ictimai nəqliyyatda olan ödəniş şəhərlər üzrə fərqlidir. Azərbaycanda da belə bir sistemin yaradılmasını məqsədəuyğun hesab edirlər.
Bəs, bu mümkündürmü?
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ictimai nəqliyyatda diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Qeyd olunub ki, güzəştlərin tətbiqi məsələsinə bütün nəqliyyat vasitələrinin nağdsız ödənişlərə keçidi təmin olunduqdan sonra baxıla bilər:
"Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür".