“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihə çərçivəsində 26 sentyabr 2025-ci il tarixində Qəbələ rayonunda gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən iki günlük seminarın analoji olaraq 2-ci gününü təşkil edib.
QHT.az xəbər verir ki, seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.
Layihənin əsas məqsədlərinə uyğun olaraq seminarın 2-ci günündə də atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etmək üçün ata və qızların iştirakı ilə geniş müzakirələr aparıldı.
Birlikdən verilən məlumata görə, layihə rəhbəri Nailə İsmayılova və layihə üzrə hüquqşünas Fariz Əkbərov iştirakçıların çoxsaylı suallarına cavab verdibər. Daha sonra Qəbələ Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı mərkəz tərəfindən gənc qızlarla və onların ailələri ilə mütəmadi iş apardıqlarını xüsusilə qeyd etdi. Seminarda Qəbələ Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçi-psixoloqu Mələkxanım Ədilova yeniyetmə gənc qızların ataları ilə arasında olan psixoloji münasibətlərdən bəhs etdi.
Seminar zamanı gənc qızlardan biri başqa bir rayonda atası ilə telefon danışığı üçün şəraitin yaradılmasını xahiş etdi. Layihə rəhbəri Nailə İsmayılova onun xahişini qəbul edərək atası ilə telefon bağlantısı yaratdı. Ata ilə qızın telefon söhbəti zalda sanki bir təlatüm yaratdı. Onlar arasındakı ata-qız münasibəti hamını həyəcanlandıraraq kövrəltdi. Ata qızının nə qədər çalışqan, ağıllı və mehriban olduğunu auditoriya qarşısında dilə gətirərək daim qızlarının (atanın 3 qızı var) arxasında olduğunu açıq etiraf etdi.
Keçirilən iki günlük seminarın nəticələrinə görə məlum oldu ki, hələ də ailələrimizdə qızlar öz atalarından çəkinərək və ya utanaraq fikirlərini sərbəst şəkildə ifadə edə bilmirlər. Beləliklə, seminarın sonunda çay süfrəsi ətrafında səmimi söhbətlər davam edib.