Kiçik və orta sahibkarların, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadın və gənclərin bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlərə start verilib.
QHT.az xəbər verir ki, “İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD)” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində gənclər və qadınlar üçün sahibkarlıq təlimlərinə başlanılıb.
Layihənin məqsədi Azərbaycanda dayanıqlı yaşıl iqtisadi inkişaf siyasəti kontekstində kiçik və orta sahibkarların, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bilik və bacarıqlarını artırmaq, həmçinin sirkulyar iqtisadiyyatın genişlənməsinə töhfə verməkdir.
Təlimlərin rəsmi hissəsində layihə rəhbəri Nigar İslamlı layihənin ölkə iqtisadiyyatına və cəmiyyətə verəcəyi fayda və üstünlükləri vurğulayaraq, onun həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Təlimçilər – Rəşad Həsənov və Eltun Ağakişiyev iştirakçılara yaşıl və sirkulyar iqtisadiyyat, sosial sahibkarlıq, onun üstünlükləri və imkanları barədə məlumat veriblər.
Təlim sessiyaları interaktiv formatda təşkil olunub. Qadınlar və gənclər təlimçilərlə sual-cavab əsasında ünsiyyət quraraq, maraqlandıqları sahələrdə atıla biləcək real addımlar barədə tövsiyələr əldə ediblər. Eyni zamanda, qrup işi təşkil edilərək real həyata uyğunlaşdırıla biləcək biznes ideyaları iştirakçılar tərəfindən təqdim olunub və təlimçilər tərəfindən bu ideyalara uyğun göstərişlər verilib.
Tədbirlər zamanı iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Müzakirələr fasilə zamanı da davam edib. Layihə, ucqar bölgələrdəki KOB-lar, gənclər, qadınlar və yerli icmalar üzərində fokuslanaraq, Azərbaycanın ucqar yerlərində inklüziv inkişafı təmin etməyi, bərabərsizliyi azaltmağı və davamlı məşğulluq imkanlarını təşviq etməyi hədəfləyir.
25 və 26 iyul tarixlərində layihə üzrə keçirilən təlimlərdən ikisi Füzuli rayonunda yekunlaşıb. Layihə çərçivəsində digər təlimlər növbəti günlərdə davam edəcək.
Fotolar