Xanhüseyn Kazımlı necə parladı? – Sabiq deputatın maraqlı dosyesi/VİDEO


İyulun 24-də sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında ölüb. Xanhüseyn Kazımlının adı son illər çox hallanmasa da onun siyasətçi kimi üzə çıxmasının maraqlı tarixçəsi var.

Turkustan.az globalinfo.az-a istinadla X.Kazımlının siyasi fəaliyyətindən bəzi detalları təqdim edir:

Xanhüseyn Kazımlı 1998-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərinə qatılana kimi populyar deyildi. Birinci Çağırış Milli Məclisin deputatı kimi də (1995-2000) xüsusi diqqət çəkməmişdi. Həmin ilin seçki yarışı kifayət qədər qaynar keçdi. Əsas yarış mərhum prezident Heydər Əliyevlə AMİP sədri Etibar Məmmədova arasında gedirdi. Amma kampaniyaya rəng qatan maraqlı isimlər də var idi. Məsələn, Nizami Süleymanov, Əşrəf Mehdiyev. Onların hər çıxışı ölkədə böyük maraqla qarşılanırdı. Xanhüseyn Kazımlının prosesə qoşulması seçki kampaniyasını daha da maraqlı etdi. Onun özünəməxsus çıxışları, gülüş yaradan müraciətləri maraqla izlənirdi. Amma kimsə onun dediklərini ciddiyə almırdı. Sadəcə gülüb, keçirdi. İnsanlar ona prezidentliyə namizəd kimi əylənmək üçün baxırdı.

Xanhüseyn Kazımlı seçkidə iqtidarın namizədini müdafiə edirdi. Onun bu missiyası sonradan bəhrəsini verdi. O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı oldu.

Əslində X.Kazımlı kifayət qədər maraqlı tərcümeyi-hala malikdir. Müxtəlif vəzifələrdə çalışıb. Üzdə olduqdan sonra cəmiyyət tərəfindən heç vaxt ciddi qəbul edilmədi. Deputatlığının son illərində Milli Məclisdə çıxışları isə trend oldu.

X.Kazlımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitib. İqtisad elmləri doktoru, professordur. “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1994–1998-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləyib. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olub. Azərbaycan Sosial Rifah Partiyasının ilk sədr olmuşdur.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.


MANŞET XƏBƏRLƏRİ