Azərbaycanda mənzillərə quraşdırılmış videomüşahidə kameralarının görüntülərini qanunsuz şəkildə ələ keçirərək yayımlayan şəbəkə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ifşa olunub. Bu hadisə cəmiyyətdə təhlükəsizlik və şəxsi məxfiliyin ciddi şəkildə pozulması ilə bağlı narahatlıq yaradıb.
Vətəndaşlar şəxsi məlumatlarının təhlükəli hallardan qorunması üçün hansı tədbirlərə diqqət etməlidirlər? İnsanlardan asılı proseslər varmı, müdaxilə edilməlidirmi?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, insanların evlərinə quraşdırdıqları müşahidə kameralarının görüntülərinin icazəsiz şəkildə yayılması təkcə texniki yox, həm də insani və hüquqi baxımdan ciddi narahatlıq doğuran hadisədir.
O qeyd edib ki, söhbət insanların özəl həyatından gedir və bu cür hallar cəmiyyətdə güvən hissini sarsıdır:
“Təhlükəsizliyin təmin olunması üçün texnologiyaya güvənən vətəndaşların əksinə olaraq, məhz həmin texnologiyadan zərər görməsi həm psixoloji, həm də etik baxımdan böyük risklər yaradır. Əslində, bu cür halların qarşısını almaqda dövlətin də, vətəndaşın da üzərinə müəyyən məsuliyyət düşür. İstifadəçilər ilk növbədə müşahidə kameralarını quraşdırarkən vacib məqamlara xüsusi diqqət yetirməlidirlər. Məsələn, kamera sistemlərinin quraşdırılmasını mütləq lisenziyalı, peşəkar və etibarlı şəxslərə həvalə etmək lazımdır. Ucuz, qeyri-rəsmi və təhlükəsizlik zəiflikləri olan avadanlıqlardan uzaq durmaq vacibdir”.
Elvin Həsənov
Mütəxəssis əlavə edib ki, çox vaxt bu sistemlərdə “default” olaraq gələn (məsələn, admin/admin) parollar dəyişdirilmir ki, bu da müdaxiləni asanlaşdırır:
“Vətəndaşlar güclü parollar təyin etməli və mümkün olduqda iki mərhələli identifikasiya metodlarından istifadə etməlidirlər. Digər vacib məsələ isə router (modem) təhlükəsizliyidir. Kameralar evin internet şəbəkəsinə qoşulduğu üçün zəif şifrə və ya köhnəlmiş proqram təminatı sayəsində cihazlara asanlıqla müdaxilə mümkündür. Bu səbəbdən mütəmadi olaraq şifrələrin yenilənməsi, firmware-lərin güncəllənməsi və xarici IP-ə açıq portların bağlanması tövsiyə olunur”.
Elvin Həsənov deyib ki, məlumatların saxlanıldığı serverlərin yerləşdiyi məkan və həmin serverlərə çıxışın necə təmin olunduğu da böyük əhəmiyyət kəsb edir:
“Bulud əsaslı sistemlərdən istifadə edilərsə, seçilən platformanın məlumat təhlükəsizliyi sertifikatlarına və şifrələmə texnologiyalarına diqqət yetirilməlidir. Ümumiyyətlə, texnologiya bizə rahatlıq və təhlükəsizlik hissi verməlidir. Amma bu texnologiyanı düzgün quraşdırmadıqda və istifadə etmədikdə o, əksinə, şəxsi məkanımıza müdaxilə vasitəsinə çevrilə bilər. Buna görə də hər bir vətəndaş texnologiyadan istifadə edərkən az da olsa maariflənməli, riskləri dərk etməli və minimum təhlükəsizlik tədbirlərinə riayət etməlidir”.