Bayram günü pensiyaçılara əlavə maddi dəstək veriləcək? - VACİB AÇIQLAMA


Yeni il ərəfəsində pensiyaçılara bayram münasibətilə əlavə maddi dəstək göstəriləcəyi ilə bağlı cəmiyyətdə zaman-zaman müzakirələr gedir. Xüsusilə, sosial həssas qrup hesab olunan pensiyaçıların bayram xərclərini qarşılamaq imkanları bu mövzunu aktuallaşdırır. Maraqlıdır, Yeni il ərəfəsində pensiyaçılara bayram üçün əlavə pul verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda Azərbaycanda pensiyaçılara Yeni il bayramı münasibətilə xüsusi olaraq əlavə pul verilməsi haqda rəsmi qərar mövcud deyil.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə pensiyaların bayram günlərinə görə avtomatik artırılması və ya bayramla əlaqədar birdəfəlik ödənişlərin edilməsi nəzərdə tutulmayıb:

“Pensiyalar müəyyən edilmiş qrafik və məbləğlər əsasında ödənilir. Yeni il və ya digər bayramlarla bağlı pensiyaların artırılması mexanizmi yoxdur.”

Akif Nəsirli qeyd edib ki, müxtəlif dövrlərdə, xüsusən minimum pensiya alan şəxslərə bayram ərəfəsində əlavə maddi dəstək göstərilməsi ilə bağlı təkliflər və müzakirələr aparılsa da, bu təşəbbüslər indiyədək qanuniləşdirilməyib və rəsmi qərar səviyyəsinə çatmayıb.

“Əvvəlki illərdə bəzi hallarda dövlət tərəfindən birdəfəlik sosial ödənişlər həyata keçirilsə də, bu ödənişlər davamlı xarakter daşımayıb və məhz Yeni il bayramı ilə bağlı tətbiq olunmayıb”.

Beləliklə, hazırkı vəziyyətdə pensiyaçılara Yeni il üçün əlavə pul veriləcəyi barədə rəsmi və təsdiqlənmiş məlumat yoxdur.

Qeyd olunub ki, əgər bu istiqamətdə hər hansı qərar qəbul edilərsə, bu barədə aidiyyəti dövlət qurumları tərəfindən ictimaiyyətə rəsmi məlumat veriləcək.


MANŞET XƏBƏRLƏRİ