Bu həkimlər 2 il azadlıqdan məhrum ediləcək - YENİ QANUN


Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.

Başqa hansı cəzalar nəzərdə tutulub?
Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunun əsas məqsədi

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli bildirib ki, tibb sahəsində aparılan islahatlar nəticəsində tibb xidmətinin keyfiyyəti və tibb xidmətinin əlçatanlığı artıb və “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, eləcə də konstitusion haqq kimi əhalinin tibbi xidmətlərdən istifadə sahəsində son zamanlar çox böyük işlər görülüb:

“Eləcə də mühüm dəyişiklər paketi çərçivəsində sertifikasiya, tibb işçilərinin peşələrinə uyğun fəaliyyət göstərməsi və xüsusən də kliniki protokolların hazırlanması, qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi istiqamətində görülən işlər dediyimiz konstitusion haqq və hüquqların daha əlçatan olması istiqamətində mühüm addımlardır.

Bu mənada İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə tibbi yardımın göstərilməsinə məsul olan şəxslərin yol verdikləri nöqsanlara görə cəzaların və cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Bu da yuxarıda dediyimiz hədəflərə çatmaq istiqamətində vacib addımlardır.

İstər dövlət sektorunda aparılan islahatlar, istərsə də yeni-yeni özəl tibb müəssisələrinin açılması bu baxımdan tibbi xidmətin çeşidlərinin və keyfiyyətinin artırılması üçün önəmlidir. Bununla belə bəzən öz peşəsinə uyğun olmayaraq fəaliyyət göstərən, işinə məsuliyyətsiz yanaşan tibb işçilərinin fəaliyyəti nəticəsində çox ağır nəticələr ortaya çıxır, insan sağlamlığına çox ciddi ziyan vurulur.

Burada həm akkreditasiya prosesinin tənzimlənməsi, həm sertifikasiyanın təkmilləşdirilməsi, tibb işçiləri üçün uyğun şəraitin yaradılması ilə yanaşı qanunvericilikdə də müəyyən dəyişikliklərin edilməsi vacib idi. Bu qanunvericilik təşəbbüsü ilə bağlı növbəti iclasda da öz fikirlərimizi söyləyəcəyik. Düşünürəm ki, həm maarifləndirmə, həm tibb xidmətinin təkmilləşdirilməsi, həm də inzibati qadağaların qoyulması ilə biz istənilən nəticələrə nail olacağıq”./bizim.media


MANŞET XƏBƏRLƏRİ