Şimali Kipr Türk Respublikasında müstəqilliyin elan olunmasının 42- ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib. Müstəqillik bayramına həsr olunmuş tədbirlər 15 noyabr səhər saatlarında Levkoşa şəhərinin baş meydanında təntənəli toplantı ilə başlayıb.
Toplantıda Türkiyə Cümhuriyyətinin vitse- prezidenti cənab Cevdet Yılmaz və Şimali Kipr Türk Respublikasının yeni seçilmiş prezidenti cənab Tufan Erhürman təbrik nitqi ilə çıxış ediblər. Bayram bütün qoşun növlərindən olan Türk silahlı qüvvələrinin, müxtəlif ictimai təşkilatların və eləcə də gənclərin və tələbələrin keçidi ilə davam edən paradla yekunlaşıb. Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti bayram tədbirlərində iştirak ediblər.



Günün ikinci yarısında Şimali Kipr Türk Respublikasının prezidenti cənab Tufan Erhürman Azərbaycan nümayəndə heyətini Prezident sarayında qəbul edib. Azərbaycan -Şimali Kipr Parlamentlər arası İşçi Qrupun rəhbəri Cavanşir Feyziyev cənab Erhürmanı prezident seçilməsi və eləcə də Müstəqillik günü münasibətilə təbrik edib, Azərbaycan xalqının Şimali Kipr türk xalqına sülh və əmin-amanlıq arzularını çatdırıb. Millət vəkilləri Cavanşir Feyziyev, Elçin Mirzəbəyli və Azər Allahverənovdan ibarət nümayəndə heyətimiz daha sonra Şimali Kipr Türk Respublikasının Məclis sədri cənab Ziya Öztürklər və ölkənin baş naziri cənab Ünal Üstel tərəfindən qəbul olunub. Görüşlərdə ölkələrimiz arasında iqtisadi- siyasi və mədəni - humanitar əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.





Axşam saatlarında Azərbaycan nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının Prezidenti tərəfindən təşkil olunmuş rəsmi ziyafətdə iştirak edib.