Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmur. Sadəcə sosial şəbəkələrdəki mənfi halların, qeyri-etik kontentlərin, bəzi istifadəçilərin insanların şərəf və ləyaqətinə toxunması və s. problemlərinə toxunulur. Məsələn, İspaniyada 2024-cü ildə qüvvəyə minmiş qanuna görə blogerlər paylaşdıqları reklamı sponsorlu məzmunu açıq olaraq qeyd etməlidir. Bu da onun üçün əhəmiyyətlidir ki, istifadəçilər məhsulun reklam olduğunu görür. Həmçinin, “Azyaşlıların Rəqəmsal Mühitdə Qorunması Haqqında” Qanun layihəsinə görə 16 yaşdan kiçik şəxslər yalnız valideynlərinin razılığıyla sosial şəbəkədən istifadə edə bilərlər.
Qeyd edək ki, Türkiyədə də 2024-cü ildə sosial media ilə bağlı bir neçə qanun dəyişiklikləri həyata keçirilib.
Maraqlıdır, ölkəmizdə azyaşlıların sosial şəbəkədən mənfi təsirlənməməsinin, qeyri-etik kontentlərin qarşısını ala biləcək qanun layihəsi hazırlana bilər?
Bizim.Media məsələylə bağlı deputat Fazil Mustafanın fikirlərini öyrənib. Millət vəkili deyir ki, sosial şəbəkələr haqqında qanun ona görə qəbul olunmayıb ki, bunun tənzimlənmə mexanizmi real deyil.
“Çünki bu sosial şəbəkənin mənbəyi bizdə deyil. Mediaya hər hansı bir şəkildə nəzarət oluna bilir, yaxud mənbə qeydiyyatdan keçməklə müəyyən olunur. Hesab edirəm ki, bu məsələdə dəqiq tənzimlənmə olsun deyə mövzuya fərqli bir yanaşma ortaya qoya bilmərik. Ona görə də bunu real münasibətlər kimi tənzimləməyi bacarmalıyıq. Bu baxımdan mediada bu istiqamətdə müəyyən müddəalar var və sosial şəbəkə məsuliyyətsizliyi elə də yol verilən məsuliyyətsizlik deyil. Buna da qarşı qanunun müəyyən müddəları işləyir.
Amma ayrıca qanunun qəbul edilməsi gələcəyin məsələsidir. Əlbəttə, sosial şəbəkə elə bir fenomenal hadisədir ki, materialları mütləq cinayət işinin, inzibati işin predmeti olursa, tənzimlənmə həyata keçirilməlidir’,-deyə Fazil Mustafa bildirib.