“Postneft dövrü çox maraqlı sahələri biznesə çevirdi, onlardan biri də səhiyyə biznesidir. Tibbi biznes həm sağlamlıq, həm də estetik baxımdan insanlara çox xidmətlər təklif edir. Bu xidmətlər bahalı xidmətlərdir, xaricdə bu xidmətlərdən daha çox elitar təbəqə - aktyorlar, şou-biznes nümayəndələri istifadə edir. Azərbaycanda isə tamamilə əksinədir, bir-iki müğənni estetik əməliyyat edən, efirə çıxıb “mənim həcim, sponsorum vardı” kimi ifadələr işlədən anda artıq sadə insanlar da evdə ərinin zəhləsini aparmağa başlayır, bahalı əməliyyatlara gedirlər”.
Bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Bu gün yerli-yersiz hər kəsin estetik əməliyyatlar etdirməsi barədə danışan kulturoloq dünya təcrübəsində bu cür halların olmadığını bildirib:
“Estetik əməliyyat edən peşəkar həkimlərimiz var, amma onlar deməyiblər ki, elliklə hamı öz sinəsini, gözünü, baldırını, qarınını bıçaq altına atsın, estetik gözəllik üçün sağlamlıqlarını qurban versinlər.
Dünyanın bir çox aparıcı ölkələrində bu proses çoxdan gedib, amma insanlar bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərini də gördülər və bu cür əməliyyatlara çox az adam meyl edir. Onlar sadəlik, sağlamlıq gözəllikdir deyə düşünürlər.
Aparıcı ölkələrdə bu cür əməliyyatlar köhnəliyin forması sayılır. İnsanlar buna görə cərrahiyyə masasına uzanmırlar. Əfsuslar olsun ki, bizdə cəmiyyətin intellektual səviyyəsi yüksək deyil deyə, belə şeyləri anlamırlar, dəbə uyub, televiziyada gördüklərinə, aldadıcı reklamlara uyub cərrahi əməliyyatlara gedirlər. Belə şəxslərin sayı get-gedə artır. Bunun fəsadları sonradan bilinəcək.
Xaricdə də bu tip əməliyyatlar edənlər var, amma onlar yanğın və ya hər hansı bədbəxt hadisə nəticəsində deformasiyaya uğrayan nahiyələrində estetik proseduralar keçirirlər. Azərbaycanda isə eldən geri qalma deyib əməliyyata gedirlər”.
Əbilov bu tip prosedurların gələcəkdə ciddi fəsadlara yol açacağı ilə bağlı həyəcan təbili çalıb:
“Mən elə adamlar tanıyıram ki, kreditə girib özlərini aktrisalara bənzətməyə çalışırlar. Unutmaq olmaz ki, səhnə adamları bunu sənətlərinə görə edirlər, onlar milyonların qarşısına çıxırlar. Səhnə bunu tələb edir.
Sözsüz ki, istənilən yenilik özü ilə bərabər müəyyən problemləri də gətirir. Sabah bu bədənşəkilləndirmə əməliyyatları, estetik prosedurlar insanları əlil edə bilər. Bu cərrahi əməliyyatlar orqanizmdə bir çox fəsad yarada bilər. Biz belə insanlarla tez-tez rastlaşırıq.
Gələcəkdə bir çox insan buna görə əlil olacaq, sonra o adamlar icbari-tibbi sığorta ilə yenidən əməliyyata girmək istəyəcək, dövlət məcbur olub gənc yaşda əlil olanlara təqaüd verməli olacaq. Ona görə də insanlara məsləhət görürəm ki, lazım oldu-olmadı bu əməliyyatlara getməsinlər”.