Azərbaycanda pensiya yaşı artırılır - Komitə sədrindən ANONS


“Pensiya yaşının azaldılması bu gün gündəmdə deyildir və yəqin ki, gələcək də də aktual olmayacaq. Dünyada hələ bir ölkə yoxdur ki, göstərirsiniz, pensiya yaşı azaldılsın”.

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O, pensiya yaşının artırılmasını istina etməyib. Komitə sədri bildirib ki, pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur:

“Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda 2021-ci illərdə bir qədər azalma oldu. Bu da həm COVID, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi. Bu da orta ömür uzunluğuna öz təsirini göstərdi", - Musa Quliyev vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır.

"2040, bəlkə də 2045-ci ildə bizim orta ömür 80 yaşa gəlib çatacaqdır. Buna görə də bu pensiya yaşı məsələsi bir günlük, ya bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. 30 ilə uyğun biz əmək bazarını, sığorta sistemini, Pensiya Sığorta Fondunun imkanlarını, insanların yaşını nəzərə almalıyıq və buna uyğun da bir qiymət götürməliyik”.

Qeyd edək ki, Azərbaycanda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63.5-dir.

Komitənin sədri Musa Quliyevlə geniş müsahibə tezliklə Modern.az saytında yayımlanacaq.


MANŞET XƏBƏRLƏRİ