Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Azərbaycan Vətən Müharibəsinin cəsur qazisi Cavid Hüseyn oğlu Aşirovla görüşüb, onun döyüş yolu, sağlıq durumu, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb. Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza şanlı Zəfər qazandırmış qəhrəman Ordumuzun hər birinin mənsubunun cəmiyyətimiz üçün, dövlətimiz üçün hər zaman diqqət mərkəzində olduğunu, onların xidmətlərinin qədirbilənliklə qarşılandığını, həmişə də belə olacağını deyib.
Q.Paşayeva qaziyə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Qeyd edək ki, qazi Cavid Aşirov (07.12.1999-cu il, Bakı) – 2016-2020-ci ildə Bakı Dövlət Unuversitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan dərhal sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb, Ağcabədi istiqamətində "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib və Azərbaycan Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə atılıb. Bir aya yaxın ağır döyüşlərdə olub. Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində döyüşüb və oktyabrın 20-də Qubadlının Balasoltanlı kəndində ağır yaralınıb. 3 aya yaxın müalicə-müayinə keçib, sonra ev ortamında müalicəsini davam etdirib. Hələ də ayağında 3 qəlpə qalmaqdadır.
Ali Baş Komandan tərəfindən 3 medalla – "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.