YENİ QƏRAR – Balıq qiymətləri YÜKSƏLƏCƏK


Xəbər verdiyimiz kimi Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri", eləcə də "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması" təsdiq edilib.

Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

Nəzərə alaq ki, ölkəmizdə istehlak edilən balıqların çoxu süni göllərdə yetişdirilir. Ona görə də yeni qərar yerli balıqçılıqda maya dəyərinin artmasına səbəb ola bilər.

Məslə ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, bu qərara görə su obyektlərindən xüsusi məqsədlərlə istifadə edənlər üçün ödənişlər müəyyən edilir və bu, əsasən kommersiya fəaliyyəti üçün sudan istifadəni əhatə edir:

“Balıqçılığa təsir isə birbaşa və dolayı şəkildə olacaq. Əgər balıqçılıq fəaliyyəti sənaye və ya təsərrüfat məqsədilə aparılırsa, sudan istifadə xərcləri arta bilər və bu da ümumi istehsal xərclərini yüksəldəcək.

Nəticədə balıq və balıq məhsullarının qiymətində artım ehtimalı yaranır. Amma həvəskar balıqçılıq üçün vəziyyət fərqlidir. Qanunvericiliyə görə ümumi istifadədə olan su obyektlərində şəxsi ehtiyac üçün balıq ovu ödənişsiz qalır, yəni adi insanlar üçün əlavə xərc nəzərdə tutulmur.

Ümumilikdə bu qərar daha çox kommersiya balıqçılığına təsir edəcək və bazarda balığın qiymətinə müəyyən qədər yüksəldici təsir göstərə bilər. Yəqin ki, qərar qüvvəyə mindikdən sonra bazarda balığın qiyməti artacaq”.


MANŞET XƏBƏRLƏRİ