Azərbaycanda ev kirayələmək və ya almaq istəyənlərin qarşılaşdığı əsas çətinliklərdən biri maklerlərlə bağlıdır. Çox zaman sahibkarlar istəməsə belə, maklerlər öz faizlərini artırmaq məqsədilə qiymətləri süni şəkildə şişirdirlər. Bu isə bazarda real dəyərdən yüksək qiymətlərin yaranmasına səbəb olur. Nəticədə həm alıcılar, həm də kirayəçilər üçün mənzil tapmaq çətinləşir.
Maklerlərin daşınmaz əmlak bazarında süni qiymət artımında rolu nə dərəcədə realdır?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu sahədə çalışanlar mütləq biznesin təşkili, bazar araşdırmalarını, qiymətləndirməni bilməli və hüquqi bilgilərə sahib olmalıdırlar:
“Əvvəllər maklerlər daha çox alqı-satqılarda rol oynayırdı. Artıq tikinti şirkətlərinin də satış ofisləri var. Eyni zamanda, mənzil sahibləri bir çox elan saytları vasitəsilə əmlaklarını satmaq, yaxud kirayə vermək üçün müştəriyə birbaşa çıxışı təmin edirlər. Azərbaycanda bu sahədə çalışanların əksəriyyəti sənədləşmə qaydalarını bilmir, qiymətləndirmə ilə bağlı təcrübələri yoxdur. Ona görə də böyük bir kütlə həmin səhlənkarlığın qurbanı olur”.
Elnur Fərzəliyev
Ekspert bildirib ki, əmlak bazarında ümumi qiymət artımı təbii və süni formada olur:
“Əsas səbəb iqtisadi vəziyyət, daşınmaz əmlaka təlabat, torpaq sahələri və tikinti materiallarının qiymətinin artmasıdır. Gələcəkdə maklerlərin fəaliyyəti ilə bağlı rəsmi status olmalı, onlar mütləq sertifikasiyadan keçməli, peşəkarlıq titulu almalı, daha sonra çalışmalarına icazə verilməlidir. İndi qadağa olmadığına görə istənilən şəxs makler ola bilir. Prosesin rəsmi qaydada aparılması minlərlə insanın vergi ödəyicisi olmasına şərait yaradacaq və dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.