Qisasın kölgəsində: SOCAR obyektlərinə endirilən zərbələrin səbəbi nədir?


Son günlərdə Rusiyanın Ukrayna ərazisində SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinə və digər obyektlərə zərbələr endirməsi regionda gərginliyi artırıb.

Bu hadisələr təsadüfi deyil və Rusiya tərəfindən planlaşdırılmış əməliyyatlar kimi qiymətləndirilir. Məqsəd Azərbaycanın müstəqil siyasətinə və Ukrayna ilə əməkdaşlığına qarşı təzyiq göstərməkdir.

Rusiyanın bu addımları Azərbaycanın mövqeyinə necə təsir göstərə bilər və Bakı bu təzyiqlərə necə cavab verir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Rusiyanın Ukrayna ərazisində SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinə və digər obyektlərə zərbələr endirməsi təsadüfi deyil. Bu, əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilən əməliyyatlardır. Kreml bununla Azərbaycandan qisas almaq niyyətini ortaya qoyur:

"Azərbaycanın müstəqil siyasət yürütməsi, Rusiyanın təhdidlərinə adekvat cavab verməsi və Ukrayna ilə əməkdaşlığı davam etdirməsi Moskvanın narazılığına səbəb olur. Bu səbəbdən Rusiya Azərbaycana təzyiq mexanizmlərini işə salmağa çalışır".

Oqtay Qasımov: Təxribatlara adekvat cavab verilməli, eyni zamanda təmkin və səbr nümayiş etdirilməliyik

Onun sözlərinə görə, Azərbaycan daxilində təsir imkanlarını itirmiş Kreml indi iki üsula əl atır: öz ərazisində yaşayan azərbaycanlı miqrantlara qarşı repressiyalar həyata keçirmək və ya Ukraynada SOCAR obyektlərini vurmaq. Lakin bu addımlar Rusiyanın məqsədlərinə xidmət etməyəcək. Azərbaycan bütün təzyiqlərə qarşı dayanıqlı siyasət aparacaq, öz maraqlarını qətiyyətlə qoruyacaq və Ukrayna ilə münasibətləri davam etdirəcək:

"Rusiyanın etibarsız tərəfdaş olması bir daha aydın görünür. 1994-cü ildə Budapeşt Memorandumunda Ukraynanın təhlükəsizliyinə təminat verməyi öhdəsinə götürən Rusiya əksinə, işğal yoluna baş vurdu. Eyni hal Azərbaycanla 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik haqqında bəyannamə ilə də yaşandı - Moskva bu sənədi də heçə saydı".

Müsahibimiz bildirib ki, bütün bunlar Azərbaycanın Rusiyanın mahiyyətini nəzərə alaraq siyasətini daha tədbirli və qətiyyətli şəkildə qurmalı olduğunu göstərir:

"Biz təxribatlara adekvat cavab verilməli, eyni zamanda təmkin və səbr nümayiş etdirilməliyik. Azərbaycan Rusiya ilə münaqişənin tərəfdarı deyil, qarşılıqlı hörmətə əsaslanan normal münasibətlərin davamında maraqlıdır. Əgər Kreml bu aqressiv siyasəti sürdürərsə, münasibətlərin korlanması qaçılmaz olacaq və bunun bütün məsuliyyəti Rusiyanın üzərinə düşəcək".

ƏIi Hüseynov


MANŞET XƏBƏRLƏRİ