"Zəngəzurdan keçəcək "Tramp marşrutu"nun Vaşinqtonla Moskva arasında razılaşdırılması istisna deyil".
Bunu erməni politoloq Suren Surenyants Rusiya baş nazirinin müavini Aleksey Overçukun Moskvanın "Tramp marşrutu" adlandırılan dəhlizin reallaşması ilə bağlı mövqeyini şərh edərkən deyib.
"Overçukun bəyanatı çoxlarını təəccübləndirdi. Onlar sərt imtina gözləyirdilər. Lakin belə bir ifadə səsləndirildi ki, Ermənistan üçün yaxşı olarsa, biz onu dəstəkləyəcəyik", - deyə Surenyants qeyd edib.
O bildirib ki, belə bir mövqe bir sıra səbəblərlə izah oluna bilər:
1. Ukrayna müharibəsi şəraitində Moskva ABŞ-yə qarşı yeni cəbhə açmaqdan yayınır;
2. Kreml "Tramp marşrutu"nun reallaşdırılmasının real perspektivinə inanmır və sərt reaksiyanı məqsədəuyğun hesab etmir;
3. Bu məsələdə Vaşinqtonla müəyyən razılaşmaların olması istisna edilmir.
Bununla yanaşı, Surenyants risklərin olduğunu qeyd edib:
Qərbin Cənubi Qafqaza təsirinin gücləndirilməsi;
Ermənistanın tədricən Rusiya orbitindən çıxarılması;
Türkiyə və Azərbaycanın mövqelərinin gücləndirilməsi.
Erməni politoloq, eyni zamanda, hesab edir ki, layihənin reallaşmasından Moskva da faydalana bilər.
"Rusiya layihənin iqtisadi komponentlərinə cəlb oluna, danışıqlar rıçaqlarını saxlaya və özünü sülhməramlı kimi göstərə bilər", - deyə o vurğulayıb.
Surenyantsın fikrincə, Moskva indiki mərhələdə belə bir taktika ilə heç nə itirmir:
"Layihə uğursuz olarsa, itki olmayacaq, reallaşarsa, işə cəlb olunmaq və ya heç olmasa, öz maraqları üçün istifadə etmək şansı olacaq".
Daha ətraflı Baku TV-nin süjetində: