SOS! Ölkədə şiş xəstəlikləri artır - onkoloqdan tövsiyə


Xərçəng xəstələri üçün çarpayıların sayının çoxaldılması təsadüfi deyil - həkim səbəbləri açıqladı

Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər Azərbaycanda qan dövranı xəstəliklərindən tutmuş, tənəffüs orqanlarının patologiyalarına qədər əksər xəstəlik qruplarında artım müşahidə olunur. Onkoloji (şiş) xəstəliklərə tutulma hallarının sayında artım xüsusilə nəzərə çarpır.

“Belə ki, yenitörəmələr qrupu üzrə göstərici 2010-cu ildəki 8979-dan 2025-ci ildə 20302-yə yüksəlib. Bu baxımdan, ölkədə onkoloji xəstələrin müalicəsi üçün ixtisaslaşdırılmış çarpayıların sayının artırılması təsadüfi deyil”, - məlumatda qeyd olunur.

Bəs səbəb(lər) nədir? Qida faktoru şişlərin yaranmasında nə dərəcədə mühüm rol oynayır? İnsanlar daha çox nələrə diqqət etməlidir? Ən həssas yaş qrupu, əhali təbəqəsi hansıdır? Eyni artım tendensiyası dünya üzrə də qeydə alınıbmı?

WhatsApp Image 2024-09-25 at 08.18.57.jpeg (57 KB)

Fuad Mahmudov

Fitoteropevt Fuad Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bizdə bu sahədə işlərə çox reaksiya verilmir. Demək olar ki, ölkəmizdə heç bir xəstəlik axıra qədər müalicə olunmur. Dünyada da belə hallar mövcuddur, amma bizim ölkədə xüsusilə qabarıqdır, ona görə də xəstəliklər günü-gündən çoxalır. Ard-arda yeni kimyəvi dərmanlar, preparatlar çıxır, satışa buraxılır və apteklərə göndərilir. Amma bu o demək deyil ki, həmin dərmanların keyfiyyəti də yaxşıdır. Çox hallarda keyfiyyət çox aşağıdır, qiymət isə yüksəkdir. Bu dərmanların çoxu xəstəliklərə heç təsir etmir. Hətta bir çox hallarda əks- təsirlər o qədər güclüdür ki, müalicə olunmaq əvəzinə digər orqanlarda daha böyük problemlər yaranır. Bu isə böyük bir təhlükədən xəbər verir. Səhiyyə qurumları buna görə ciddi qınaq obyektinə çevrilməlidir.

Daha sonra, qida vasitələrimizdən danışaq. Günbəgün görürük ki, onların keyfiyyəti aşağı düşür, çeşidləri isə artır. Müxtəlif şokoladlar, konfetlər, biskvitlər, tortlar... Bunların hazırlanmasında əslində kərə yağı, keyfiyyətli yağlar istifadə olunmalıdır. Amma bunların heç birinə kərə yağı vurulmur, əvəzində marqarin işlədilir. Üstəlik, hər dəfə marqarinlər ziyanlı maddələrlə zənginləşdirilir. Nəticədə insanlar bundan əziyyət çəkir. İndi bütün dünya palma yağını müzakirə edir. Amma Afrikada, təqribən 1 milyard əhalisi olan ölkədə palma yağından istifadə edilir və oradakı insanlar sağlamdır. Onkoloji xəstəliklərin sayı çox aşağıdır. Hətta həyətlərində özləri palma yağı çıxarırlar, il boyu istifadə edirlər və heç biri bizim qədər xəstələnmir. Amma dünyada kampaniya aparılır ki, palma yağı zərərlidir. Marqarin isə kölgədə qalır. Bilərəkdən bu cür təbliğat aparılır ki, marqarin yağının nə dərəcə təhlükəli olması məsələsi diqqətdən uzaqda qalsın.

Cənubi Amerikada da milyonlarla insan palma yağından istifadə edir, amma onlar bizim qədər xəstə deyillər. Günah palma yağında deyil, marqarin yağındadır. Marqarin demək olar ki, texniki yağa oxşayır və insan orqanizmi üçün deyil - əsl zəhərdir. İnsanlar ondan istifadə edir, çoxu isə bilməyərəkdən. Bəzi hallarda hətta üstünə “kərə yağı” da yazırlar. Tərkibində nə qədər kərə yağı var, bilinmir. Bu böyük və dəhşətli bir şəbəkədir. Onlar yalnız pul qazanmaq fikri ilə yaşayırlar, insanlar isə nəticədə məhv olurlar".

Həkim xəstəliyə səbəb olan digər məsələyə də toxunub: “İçdiyimiz su nə qədər keyfiyyətlidir? Marketlərdə suları baha qiymətə satırlar üzərində də yazırlar ki, çox keyfiyyətlidir. Amma su niyə plastik qabda buraxılır? Plastik qab, ümumiyyətlə, axmaq bir ixtiradır. Keçmişdə, sovet dövründə hər şey şüşə qablarda idi və insanlar bunun fərqində idilər. Amma indi hər şey plastikdədir. Dünya səhiyyə təşkilatları deyir ki, insan gündə 2-3 litr su içməlidir. Normal insan niyə bu qədər su içməlidir ki?! Yayda içmək olar. Amma qışda ehtiyac yaranmadıqca bu qədər su içməyə nə ehtiyac var? Baxırsan, gənc oğlanlar, qızlar hərəsinin əlində plastik qab, kimə baxırsan su içir. Heç olmasa su təmiz qablarda, təmiz mənbələrdən götürülməlidir. Məsələn, İsveçrədə dağlıq ərazilər, gözəl bulaqlar və təmiz sular var. İsveçrə dünyanın ən təmiz sularına malik ölkələrdən biridir. Həmin bulaqlardan gələn su şəhərin müəyyən hissəsində müəyyən xətlə əhaliyə təqdim olunur, kim istəyir içir. Hamı əmindir ki, su tam təmiz mənbədən gəlir.

Bizdə isə məlum deyil, hansı mənbədən gəlir. Üstünə yazırlar ki, filan bulağın suyudur, amma dəfələrlə aşkar olunub ki, bu, yalan məlumatdır. İnsanlara yalan etiketlərlə doldurulmuş sular satılır".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər tədqiqatlar göstərir ki, xərçəng halları əsasən genetik yox, 95?%-ə yaxın dərəcədə həyat tərzi və ətraf mühit faktorları nəticəsində baş verir. Bu faktorlar arasında qida 30-35%-lik risk payına sahibdir. Qlobal tədqiqatlar göstərir ki, 2019-cu ildə xərçəngdən ölüm və xəstəlik yükünün təxminən 6%-i diet riski faktorlarına bağlı olub.

Xərçəng riskini artıran qida amillərinə “Western” (Qərb) tipli pəhriz - qırmızı və emal edilmiş ətlər, şəkərli və yüksək yağlı məhsullar, eləcə də refined karbohidratlar daxildir. Xüsusilə kolorektal və prostat xərçəngi (kişilərdə), məmə xərçəngi (qadınlarda) üzrə risk artır. Emal edilmiş ət məhsulları (kolbasa, sosis və s.) ÜST tərəfindən insan üçün onkolgogen olaraq qrup 1-də təsnif olunub. Meyvə və tərəvəz çatışmazlığı, az lifli qidalanma isə mədə-bağırsaq sistemində xərçəng riskini yüksəldir.

Metabolik faktorlar da önəmli rol oynayır. Yüksək bədən çəkisi, insulin rezistentliyi və qanda şəkərin qalxması xərçəng nəticələrinin sürətlə artmasına səbəb olur. Gənclərdə isə paketlərdə satılan market məhsulları, piylənmə və ətraf mühit toksinləri ciddi risk faktorlarıdır. Dünya miqyasında da onkoloji xəstəliklərin artımı davam edir. ÜST-nin proqnozuna görə, 2022-ci ildə 20 milyon yeni xərçəng faktı qeydə alınıb və bu rəqəmin 2050-ci ilədək 35 milyona çatacağı gözlənilir - yəni 75%-dən artıq artım. Artım daha çox yaşlı əhali, xərçəngə həssas aşağı gəlirli regionlar və metabolik xəstəliklərin artdığı yerlərdə müşahidə olunur.


MANŞET XƏBƏRLƏRİ