CASCFEN-nin layihə çərçivəsində ikinci verilişi olub.
Budəfəki verilişin mövzusu “Ortaq mirasımızın gələcək sahibləri” olub.
Turkustan.az QHT.az-a istinada xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir.
Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyan layihənin icra planına uyğun olaraq davamlı addımlar atılır. Məlumatda deyilir ki, layihə çərçivəsində mövzu ilə bağlı Azərbaycanda internet TV-lərin birində 3 verilişin hazırlanması nəzərdə tutulub: “Artıq həmin 3 verilişdən ikincisi də hazırlanıb və tamaşaçılara təqdim olunub. İkinci verilişin mövzusu “Ortaq mirasımızın gələcək sahibləri” olub. Verilişdə ekspertlər qismində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış ediblər”.
Məlumata əsasən layihə rəhbəri Nadir İsmayılovun aparıcılığı ilə reallaşan verilişdə ekspertlər həm ümumilikdə layihə, həm də layihə çərçivəsində Kuzey Kibris Türk Cümhuriyyətində keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans barədə fikirlərini bölüşüblər. Belə bir fikir ifadə olunub ki, bu konfransın KKTC Prezident Sarayında keçirilməsi, konfransda KKTC Prezidenti Ersin Tatarın, milli təhsil naziri Nazım Çavuşoğlunun, Azərbaycandan Milli Məclisin deputatı Vüqar İskəndərovun və digər tanınmış şəxslərin çıxış etməsi, o cümlədən iştirakçılar arasında KKTC, Azərbaycan və Türkiyə ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstandan da uşaq, yeniyetmə və gənclərin olması mühüm əhəmiyyət kəsb edir.
Öz növbəsində KKTC-dəki tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını deyən Orxan Həsənoğlu bu tip layihələrin türk dünyasının inteqrasiyası prosesinə dəstək olduğunu bildirib.
Verilişdə ekspertlər, həmçinin ortaq mirasımızın gələcəyə çatdırılması ilə bağlı da təkliflərini səslənidiriblər.
Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.