Rəna Qocayeva
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi
Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olmuşdur. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf etmiş və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olmuşlar. Azərbaycanın bir çox mədəniyyət nümunələri hazırda dünya muzeylərini bəzəməkdədir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edərək demişdir: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur ”.
Göründüyü kimi, ulu öndər Heydər Əliyev arxeoloji və etnoqrafik faktlar əsasında Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulamışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş və bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər hazırlanmış bir sıra proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji istiqamətləri öz ifadəsini tapmışdır. Bu proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədlərinin həyata keçirilməsi əsas prioritet təşkil edir. Bu məqsədlər ölkənin mədəni potensialının, mənəvi irs, mədəniyyət sərvətləri və milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsindən ibarətdir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Azərbaycan mədəniyyətinin inkişafında qərb bölgəsinin maddi və mədəni irsinin də xüsusi rolunu göstərmək lazimdir. Buna həm qazaxin qədim tarixi abidələrini, həm də arxeoloji qazintilar zamanı aşkar edilmiş tarixi artefaktlari misal göstərə bilərərik. Bildiyimiz üzərə Avey” Dövlət Tarix –Mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntı işləri aparılması üçün 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəsisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. Bir həftəlik axtarışdan sonra Avey dağında,Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorondum imzalanmışdır.Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix –Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnsititutu, Yaponiya Höküməti tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır. 2016- cı ilin avqust ayının 8-dən 24-ə kimi “Avey” DTMQ-nın ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq ekspedisiyası tərəfindən tədqiqatlar aparılmışdır. İlkin tədqiqatlar zamanı qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunmuşdur.
Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər tapılıb. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında 3,5 m dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub.Həmçinin, ərazidən Neolit dövrünə aid yastı və prizmatik ölçülü nukleuslar, disk şəkilli dikinə dişəkli boz çaxmaq daşlarından hazırlanmış qaşovlar, ox uclu ağacdan hazırlanmış yonqar tipli alətlər, hətta bir neçə lövhə üzərində dişəklənərək ibtidai tilov şəklinə salınmış qarmaqlar, indiyə qədər üzə çıxmayan 60-a qədər bir üzü yumru, bir tərəfi yastı şəkildə olan çay daşları aşkar edilmişdir. Bu alətlərin bəziləri qoruq ərazisində saxlanmışdır. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşının müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur. Tədqiqatların növbəti ildə davam etdirilməsi qərara alınıb. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.
Digər mühim abidələrdən biri isə Alban məbədidir. Məbəd bizə Qafqaz Albaniyasının tarixi irsi haqqinda məlumat əldə etməyə imkan yaradir. Tarixən Azərbaycan mədəniyyətinin necə zəngin olduğunu bu irs nümunələri sayəsində daha da aydin şəkildə görə bilirik. Məbəd özü Qazax rayonunun Daş Salahlı kəndində Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində, 900 metr hündürlükdə yerləşir. V-VI əsrə aid edilir.
Damcılı mağara düşərgəsi isə Qazax rayonunun incilərindən hesab edilir. Belə ki, Avey dağ mağaraları qrupundan ən iri mağara isə Damcılı mağarasıdır. Bu dünya əhəmiyyətli Damcılı mağarası Avey dağının cənub-şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrünə aiddir. Bu mağara yarımdairəvi şəkildədir, qabaq hissəsi açıqdır, bir az dağılıb.Qarşı tərəfdən hündürlüyü 4m, sahəsi isə 17×27 metrdir.Əhəng qayalığının altındadır.Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu mağara qədim insanların yaşayış məskəni olub. Burada aparılmış tədqiqat işləri zamanı daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları aşkar edilmişdir. Bu tapıntılar Damcılı mağarasında təxminən 80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların burada məskən saldıqlarını sübüt edən əyani dəlillərdir. Daşlaşmış sümüklər (qaban, ibtidai öküz, qoyun, ceyran, Qafqaz maralı, Dağıstan turu və s.) burada yaşamış qədim və yeni Daş dövrü adamlarının kollektiv ovçuluqla, yığıcılıqla məşğul olduğunu göstərir.
Eyni zamanda mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolitə (mustye), yuxarı paleolitə və neolitə aid edilir. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilmişdir. Daş məmulatı hazırlama texnikası, forması və müqayisəsinə görə əsasən orta Paleolit, Yuxarı Paleolit, Mustye dövrünə aid alətlər əsasən üçbucaq formalı itiuclu, iri dairəvi qaşovlar; diskşəkilli nukleuslar (daş alət qoparmaq üçün ibtidai insanlar daşı müəyyən formaya salırdılar ki, ona da nukleus-nüvə deyilir) və alət üçün qoparılmış qəlpələrdən ibarətdir; İtiuclu alətlər, qaşovlar, qəlpələr, kəsərlər, bizlər, gəzli və uclu qaşovlar və s. Tapılan alətlərin müxtəlif dövrlərə aid olması göstərir ki, burada uzun müddət arası kəsilmədən yaşayış məskəni olmuşdur.
Qazaxın əsas simvolu isə Göyəzən dağıdır. Bu əzəmətli təbiət abidəsi 60-65 milyon il əvvəl vulkan püskürməsi nəticəsində yaranmışdır. Heç bir dağa, təpəyə bitişik deyil. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martinika adasında) sonra dünyada ikinci dağ sayılır. Zirvəsi nisbətən düzən və yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Heç bir dağa söykənməyən bu əzəmətli vulkanik mənşəli dağın hündürlüyü dəniz səviyyəsindən 800 metrdən çoxdur. Qəribə bir görünüşə malik olan vulkanik sütunun hündürlüyü isə əvvəllər 500 metrə yaxın olsa da, zaman keçdikcə təbii aşınmalar nəticəsində 250 metr olmuşdur. Göyəzən dağının zirvəsi dik deyil, meydança şəklindədir. Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir. Göyəzənin zirvəsindən dörd yana bir-birindən fərqli füsunkar gözəllik mənzərələri açılır. Avey silsiləsinin zirvələri adama daha da yaxınlaşmış kimidir. Göyəzənin zirvəsindən baxanda Qazaxın özü, eləcə də bəzi kəndləri ovucun içi kimi görünür. Zirvədən aşağıda dağın zirvəsini yarımqurşaq şəkildə salınmış, əllə bir şəkilə salındığı aydın seçilən başqa bir meydança da var. Burada yüzlərlə adam ayaq üstə dayana bilir.
Bizim qərb bölgəmiz hər zaman öz mədəni və maddi irsi ilə göz önündə olmuşdur. Qədim və zəngin tarixə malik Qazaxda əsrarəngiz yerlər, minillik abidələr, Avey, Göyəzən, Damcılı kimi misilsiz mənzərələr, Dəli Kür, Tuqay meşələri, eləcə də adı dillərdə gəzən dilboz atları və başqa maraq doğuran mənbələr çoxdur. Bu yerlərdə ulu tarixin yadigarları bax beləcə müasir abidələrlə baş-başa verib. Qazax qədim və qiymətli abidələr diyarıdır. Bu abidələri qorumaq, tanitmaq, təbliğini və tədqiqini aparmaq kimi şərəfli vəzifə isə biz qoruq işçilərinin öhdəsinə düşür. Qazax mədəniyyətin beşiyidir və Azərbaycan mədəniyyətində həmişə xüsusi yer tutub elə indi də öz töhfələrini verməyə davam edir.
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur