Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları ilə bağlı ciddi narahatlıq ifadə edərək üzv dövlətlərə çağırış ediblər.
Turkustan.az xəbər verir ki, onlar bildiriblər ki, beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi şəkildə pozulmasına dair etibarlı dəlillər mövcud olduğu müddətdə bütün BMT üzv dövlətləri İsrailə silah tədarükünü dayandırmalıdır.
BMT məruzəçilərinin yaydığı yazılı bəyanatda qeyd olunub ki, ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasından dərhal sonra İsrail Livana qarşı genişmiqyaslı hücumlara başlayıb. Hücumlar pislənilib və dərhal dayandırılması tələb olunub.
Sənəddə vurğulanır: “Livanda beynəlxalq hüququn aliliyinə, diplomatiyaya və ən əsası mülki insanların həyatına və ətraf mühitə qarşı ciddi laqeydlik müşahidə olunur. İsrail 1980-ci ildən bəri Livana qarşı ən böyük koordinasiyalı hücum dalğasını həyata keçirib.”
Bəyanatda həmçinin qeyd edilib ki, bu hücumlar BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və sülhə olan ümidlərə zərbə vurmaqla yanaşı, çoxtərəfli beynəlxalq sistemə və BMT-yə əsaslanan nizama qarşı hörmətsizlik kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az