Azərbaycan istehsalı olan çörək və yağ xərçəng yaradır - İDDİA


Azərbaycanda insanlarda xərçəng xəstəliyi əsasən çörək və yağlar vasitəsi ilə yaranır. Bu barədə Liberal İqtisadiyyatçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib.

Akif Nəsirli Azərbaycanda istehsal edilən və ucuz qiymətə satılan yağların heyvan mənşəli deyil palma cəyirdəyindən hazırlanan zərərli yağ olduğunu iddia edir.

"Azərbaycanda mağaza və market vitrinlərində hər qiymətə yağ tapmaq olar. Yağın qiyməti 8-25 manat arasında dəyişir. Yağların qiyməti onların mənşəyindən xəbər verir. Bunun adı kərə yağıdırsa və bu inək südündən alınırs ən azı 1 kiloqram kərə yağının maya dəyəri 15 manat olmalıdır. Üstünə də sahibkarın gəlirini qoyanda bu kərə yağı ən azı 18-20 manata satılmalıdır ki, bundan sahibkar da mənfəət götürsün. Belə olan halda, marketdə 8 manata qoyulan kərə yağının mənşəyi haradandır? 15 manata bu yağı hazırlayıb 8 manata satmaq mümkün deyil. Deməli, kərə yağə heyvan mənşəli, yəni doymuş yağ deyil. Həmin yağların 90%-i palma çəyirdəyindən hazırlanan texniki yağlardır. Dünyada, palma çəyirdəyindən hazırlanan yağlardan qida məhsulu kimi yox, yalnız sənayedə istifadə olunur. Misal üçün, əvvəllər sabun istehsalında piydən istifadə edirdilər indi palma yağından istifadə olunur. Amma Azərbaycanda bunu qida məhsulu kimi istifadə edirlər. Onu da qeyd edim ki, palmanın özündən alınan yağ normal yağdır. Amma palmanın çəyirdəyindən alınan yağ zərərlidir”, - Akif Nəsirli bildirib.

Akif Nəsirli marqarin və palma yağlarının da Azərbaycanda çox istifadə edildiyini bildirib.

"Marqarin və palma yağı Azərbaycan əhalisinin yediyi yağın 80%-ini təşkil edir. Bu yağlar iri molekula malik olduğundan bağırsaqlarda uzun müddət sorulmur.. Bağırsaq süzgəcləri sıradan çıxartmayana kimi o iri molekullu yağlar bağırsaqdan qana keçmir. Orqanizm o süzgəci aradan qaldırır ki, o iri molekullu yağlar qana keçsin və doymuş yağ ehtiyacını aradan qaldırsın. O da orqanizmə keçən kimi, qan vasitəsi ilə hüceyrələrə daşınır və hüceyrələrdəki sitoplazmalarda qalır. Amma hüceyrənin içərisinə nüfuz edə bilmir. Yəni həzm olunmur. Həzm olunmasının qarşısını alan amillərdən biri, iri molekullu olması, digəri isə, o yağların yüksək temperaturda əridilməsidir. Yəni orqanizmdə tutaq ki, 36 dərəcə isti varsa həmin yağların temperauturu 40 dərəcədir. Bu da yağları ehtiyata yönəldir. Orqanizmdə ehtiyat yığılır və bu da insanda piylənmə yaranmasına səbəb olur. Bu piylənmənin deposu da qaraciyərdir. Digər bir adı da qaraciyərin yağlanmasıdır. Bu proses qaraciyəri kiçildir və funksiyasını pozur. Uzun müddət boyu bu yağların orqanizmdə istifadə edilməsi sonucunda qaraciyərin yağlanması əksər hallarda xərçəngə yol verir. Məsələn, bağırsaq xərçəngi, qaraciyər xərçəngi və hətta qan xərçənginə yol açır. Bu barədə Avropa və Amerika alimlərinin araşdırmaları var. Məsələn, marketlərdə gördüyümüz Sana və Möcüzə yağlarına rəng vurulur ki, kərə yağ görünüşü versin amma bunlar əslində marqarin yağıdır”, - Nəsirli vurğulayıb.

O həmçinin qeyd edib ki, qaraciyərin funksiyasını itirməsi bağırsaq, qaraciyər və hətta qan xərçənginə yol açır.

"Çörəkdə fəsdt törədən, una vurulan titandioksitdir və ya digər adı ilə Titan (II) oksididir. Titan (II) oksidi qida ağardıcısı sayılır. Tutaq ki, hər 100 kiloqrama 1 kiloqrama qədər bu maddədən vurulur. Avropada əvvəllər buna icazə verilirdi, indi qadağan olunub. İndi Rusiya və Azərbaycanda 1% olmaqla istifadəsinə icazə verilir. Amma Avropa alimlərinin araşdırmasına görə, Titan (II) oksidi zəhərli maddədir və ağardıcı kimi vurulduğu maddələrdə, misal üçün, unda, şəkər tozunda, duzda istifadə edilir. O mütəmadi olaraq orqanizmi kiçik dozalarda zəhərləyir. Kiçik dozalarda olduğuna görə, insan bu zəhərlənməni hiss etmir. Amma bu kiçik dozalar, orqanizmdə toksik maddələrin toplanmasına səbəb olur və o da, müxtəlif yollarla xərçəng yaradır. Yəni, bizdə una, şəkər tozuna, qəndə və duza vurulan ağardıcı orqanizm üçün zəhərləyici maddədir”, - iqtisadçı-ekspert açıqlayıb.

Nəsirli qənd, şəkər tozu, duz və una əlavə edilən qida ağardıcısının kanserogen maddə olduğunu deyib.

"Bunun qarşısını almaq üçün qida təhlükəsizliyi sistemi yaradılmalıdır. Ümumiyyətlə, Titan (II) oksidindən, palma yağlarından və marqarinlərdən istifadə qadağan olunmalıdır. Birmənalı şəkildə belə bir sistem qurulmalıdır ki, orqanizm üçün təhlükəli məhsullar aradan qaldırılsın. Həm mənşəyi bilinməyən yağlar, həm də tərkibində ağardıcı işlədilən qida məhsulları qadağan olunmalıdır. Ölkəmizdə heyvandarlıq genişləndirilməli və inkişaf etdirilməlidir ki, həm yağ mümkün qədər təbii olsun həm də insanların cibinə uyğun şəkildə istehsal edilsin”, - ekspert söyləyib.

Akif Nəsirli sahibkarların da daha çox gəlir üçün etdiyi fəsatlardan danışıb.

"Bir ton üçüncü sinif, 12,5% zülalı olan buğdadan təxminən 70-80% un çıxır. Həmin o unun 60%-i əla sortu olur. 15%-i birinci növ un çıxır, qalan hissəsi isə ikinci növ un olur. Azərbaycan sahibkarları o birinci və ikinci növ unlara ağardıcı qatmaqla, və onları da "əla sort” una çevirirlər. Hamısını da qarışdırırlar bir yerə. Birinci və ikinci növə vurulan ağardıcı bütün una qarışır. Bu da kiçik həcmlərdə zəhərlənmə ilə uzun müddətdə orqanizmin müxtəlif orqanlarında fəsat yaradır və bu da xərşəngə gətirib çıxardır”, - Nəsirli vurğulayıb.

Qida Texnoloqu, Azərbaycan milli kulinariya assosiasiyasının idarə həyətinin üzvü, Ukrayna Kulinarlar Birliyinin üzvü Ağa Salamov yağ və çörəklərin tərkibində bulunan toksid maddələr haqqında məlumat verib.

"İndi marketlərdə hansısa trans yağlardan hazırlanmış yağların üzərində palma yağı yazılmır. Bitki mənşəli yağ yazılır və təbii ki, bu söhbəti gedən bitki palmadır. Palma yağı ən ucuz yağdır. Maliyyəti düşük olduğuna görə, sahibkarlara sərf edir. Bunun fəsatlı tərəfləri də vardır. Trans kimyəvi dildə "çevrilmiş” deməkdir. Həmən bu palma yağının rəngini, qoxusunu dəyişmək üçün 250 dərəcələ istiliyə çatdırırlar və yüksək dərəcəli istiliyə çatandan sonra onun rəngini, qoxusunu dəyişirlər, hidrogen püskürdürlər ora. Hidrogen püskürdəndə də, orada hidrogen bağları yerini dəyişir. Yer dəyişəndə də, bunlar trans yağa çevrilir və trans yağ da insan bədəninə ziyandır. Bu yağ insan bədənində sovrulmadığına görə gedir qaraciyərdə piylənir. Ürək-qan-damar sistemini sıradan çıxardır və qəfil ölüm hallarına yol açır. Bu məsələnin yolunun alınması mümkün deyil. Heç nə edə bilmərik. Kapitalizm dövrüdür, işbazlar ölkəsidir və bu ölkədə hamı istehsal edib nəsə satır. Bütün dünyanın tələbatı bu yağlar olduğuna görə bunun qarşısını almaq mümkün deyil. Heç kim peçenyeləri, kurabiyələri kərə yağından hazırlayıb gətirib qoymayacaq. Çünkü onların maliyyəti çoxdur. Biz əgər sağlamlığımızı istəyiriksə ya baha və orqanik məhsullara razı olmalıyıq ya da torpaqla dost olmalıyıq. Öz fermamız, öz inəyimiz, keçimiz olmalıdır. Onların südündən, qatığından, ətindən istifadə edə bilərik və bununla da kərə yağının qiyməti azalar. İndi tələbat ucuz mallaradır və ucuz mal da, palma yağıdır”, - Ağa Salamov bildirib.

Salamov həmçinin vurğulayıb ki, ölkəmizdə olan kapitalist sistemdən dolayı kanserogen maddələrdən istifadə edən məhsulları qadağan etmək mümkün deyil.

Şəkəri əvəz etmək üçün tut doşabı, üzüm doşabı, emal olunmamış bal, ağcaqayın siropu, xurma; duzu əvəz etmək üçün himalay duzu və qaya duzu; və unu əvəz etmək üçün isə arpa və buğda ununun qarışığı, buğda kəpəyi və çovdar ununun tam buğda unuyla qatışdırılmasından istifadə edilə bilər.

Qida Təhlükəsizliy Agentliyinə məsələ ilə bağlı müraciət etsək də sorğumuz cavablandırılmayıb. /anews.az/


MANŞET XƏBƏRLƏRİ