Peyvənd sonsuzluq yaradır? - RƏSMİ


“Peyvəndlər sonsuzluq yaratmır. Əksinə, uşaqları ağır infeksiyalardan qoruyur”.

Turkustan.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb. bildirib.

Pediatr qeyd edib ki, peyvəndlərlə bağlı yayılan “sonsuzluq yaradır” kimi iddialar tamamilə əsassızdır və elmi sübuta əsaslanmır. Onun sözlərinə görə, peyvəndlər uşaqların sağlam böyüməsi və inkişafı üçün mühüm rol oynayır və virus, həmçinin bakterial infeksiyalara qarşı qoruyucu immunitet formalaşdırır.

S.Cəfərova vurğulayıb ki, uşaqlıq dövründə immun sistemi tam formalaşmadığı üçün azyaşlılar infeksiyalara daha həssas olur. Peyvəndlər isə həmin xəstəliklərin qarşısını almağa, yaxud xəstələnmə baş verdikdə onun yüngül keçməsinə və ağırlaşmaların qarşısının alınmasına kömək edir.

O bildirib ki, suçiçəyi, qızılca, məxmərək, hepatit və poliomielit kimi ağır fəsadlara səbəb ola bilən infeksiyalardan qorunmağın ən effektiv yolu peyvənddir. Pediatrın sözlərinə görə, peyvəndlər kollektiv immunitetin formalaşmasına da töhfə verir və nəticədə cəmiyyətdə xəstəliklərin yayılma riski azalır.

S.Cəfərova əlavə edib ki, peyvəndlər uzun illər aparılan elmi tədqiqatlar əsasında hazırlanır və ciddi nəzarət altında tətbiq olunur. Peyvənddən sonra uşaqlarda yüngül qızdırma, inyeksiya yerində şişkinlik və ya qısamüddətli narahatlıq ola bilər, lakin bu hallar müvəqqətidir və sağlamlıq üçün təhlükə yaratmır. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ