Xəbər verdiyimiz kimi, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) iş adamı Emil Səməndərovun xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında təqsirləndirilən şəxs qismində tanınıb.
Şikayətə səbəb İ. Axundovun E. Səməndərovu yekun məhkəmə qərarı olmadan “dələduz” adlandırması olub. Xüsusi ittihamçı İsfəndiyar Axundovun barəsində həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edir.
Məlumata görə, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundov barəsində 40-a yaxın məhkəmə işi mövcuddur. İddialara əsasən, məhkəmə prosesi dövründə onun tikinti layihələri tam dayanıb. Hətta əvvəllər “Şərur” MTK-nın binalarından təmirsiz mənzil alanlar indi belə mənzillərə maraq göstərmirlər.
Bundan başqa, iş adamının milyonlarla manat dəyərində olan avtomobillərinə həbs qoyulduğu barədə də məlumatlar yayılıb. Şərurlu İsfəndiyar “Cebheinfo.az”-a açıqlamasında məhkəmədən xəbəri olmadığını və hazırda pensiya ilə dolandığını deyib:
“Məhkəmədən xəbərim yoxdur, hələ mənə heç nə deyilməyib. Dolanırıq da, pensiya alıb yaşayırıq. Pensiyamız var. Allah hökumətin canını sağ eləsin, pensiya verir, biz də onunla dolanırıq”. /Cebheinfo.az/