Kremlin təhdidkar nüvə ritorikası hələlik hərbi qərarlardan daha çox siyasi təzyiq alətinə çevrilsə də, onun yaratdığı psixoloji təsir kifayət qədər güclüdür... Ancaq buna baxmayaraq, Rusiyanın çıxılmaz vəziyyətdə nüvə silahına əl atmayacağına heç bir halda, tam təminat vermək mümkün deyil...
Ukrayna savaşı uzandıqca, Avropa məkanında Rusiya xofu daha da dərinləşir. "Qoca qitə"nin əksər ölkələri Rusiyanın hərbi məğlubiyyətə yaxınlaşacağı təqdirdə, Kremlin Ukraynaya intensiv dəstək verən Avropa dövlətlərinə nüvə zərbəsi endirə biləcəyindən ciddi şəkildə narahatdırlar. Xüsusilə də, Almaniya Rusiyadan gözlənilən nüvə təhlükəsi ilə bağlı açıq-aşkar həyəcan siqnalı verir və buna elə indidən hazırlaşdığını qətiyyən gizlətmir. Və Kremlin son aqressiv mesajları Avropa məkanında ən riskli ssenarilərin yenidən gündəmə gətirilməsində xüsusi rol oynayır.
Ona görə də, hazırda Avropa məkanında hərbi təhlükəsizliklə bağlı narahatlıqlar yenidən ən yüksək səviyyəyə çatmağa başlayıb. Belə ki, Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bu ölkəyə qarşı hər an hücum təhlükəsinin mövcudluğunun nəzərə alınmalı olduğunu bəyan edib. Bu, rəsmi Berlinin milli təhlükəsizlik hesablamasında artıq ciddi dəyişikliklərin baş verdiyini göstərir. Düzdür, Almaniya rəsmi dairələri hələlik konkret təhdid mənbələrini açıqlamasalar da, son geopolitik proseslər bu açıqlamanın qətiyyən təsadüfi olmadığını deməyə tamamilə əsas verir.

Məsələ ondadır ki, alman nazirin sözlərinə görə, Almaniyaya qarşı mümkün hücum planları artıq əvvəlki dövrlərlə müqayisədə daha aydın şəkildə görünür. Onun fikrincə, bu xarici təhlükələr həm önəmli infrastruktur obyektlərini, həm dövlət və ictimai qurumları, həm də ayrı-ayrı nüfuzlu şəxsləri hədəfə ala bilər. Bu isə onu göstərir ki, Almaniya yalnız klassik hərbi riskləri deyil, eyni zamanda, hibrid müharibə, diversiya, kiberhücum və terror təhlükələrini də ciddi şəkildə nəzərə almağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Almaniya Ukraynaya hərbi və maliyyə dəstəyini əhəmiyyətli dərəcədə artırıb. Məhz ona görə də, Qərb siyasi dairələrində belə bir ehtimal müzakirə olunur ki, yalnız Almaniya deyil, Ukraynaya ən fəal dəstək verən digər Avropa dövlətləri də Rusiyanın hərbi-siyasi təzyiq strategiyasının əsas hədəfləri sırasına daxil ola bilər. Üstəlik, Kremlin son aqressiv ritorikası Avropa paytaxtlarında bunun nüvə qarşıdurmasına çevrilə biləcəyi ilə bağlı mövcud narahatlığı daha da artırmaqda davam edir.
Bu bunlara paralel olaraq, Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Nikolay Patruşevin son təhdidkar açıqlaması indiki gərginliyə əlavə tünd rənglər qatır. Belə ki, o, Rusiyanın strateji dəniz nüvə qüvvələrinin artıq tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Onun sözlərinə görə, "nüvə üçlüyü"nün dəniz komponenti istənilən şəraitdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırdır. Və Kremlin arsenallnda bu, qlobal rəqiblərə qarşı strateji çəkindirmənin ən effektiv faktorlarından biri olaraq, qalır.

Ancaq bununla belə, hazırda digər nüvə dövlətləri və ya beynəlxalq təşkilatlar tərəfindən, hələlik qlobal nüvə təhlükəsinin səviyyəsinin dəyişdirildiyini təsdiqləyən hər hansı rəsmi məlumat açıqlanmayıb. Bu isə onu göstərir ki, Nikolay Patruşevin təhdidkar bəyanatı Qərb siyasi dairələri tərəfindən hazırda daha çox siyasi-psixoloji çəkindirmə mesajı kimi qiymətləndirilir. Və bu baxımdan, Qərb siyasi dairələrinin indiki mərhələdə nüvə faktorunun qlobal geopolitik proseslərin əsas müəyyənedici alətinə çevrilmə ssenarisinə daha ehtiyatlı yanaşdıqlarını da düşünmək olar.
Digər tərəfdən, Finlandiya prezidenti Aleksander Stubbun açıqlamaları müəyyən mənada, bu məsələ ilə bağlı nisbətən fərqli mənzərə yaradır. Onun dediyinə görə, Çinin xarici işlər naziri Van Yi ilə görüş zamanı rəsmi Pekinin nümayəndələri, Ukrayna savaşında Kremlin vəziyyəti daha da ağırlaşsa belə, Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə tamamilə əmin olduqlarını bildiriblər. Finlandiya prezidenti onu da qeyd edib ki, Çin tərəfinin bu mövqeyi kifayət qədər qəti səslənib. Belə ehtimal etmək olar ki, rəsmi Pekinin Kremlə nüvə silahından istifadəni qadağan edə, "nüvə düyməsi"ni bloklaya biləcək qədər Rusiyaya güclü təsir və təzyiq imkanları var.
Ancaq bununla yanaşı, finlandiyalı lider onu da vurğulayıb ki, Ukrayna savaşında hərbi-siyasi eskalasiya riski hələ də qalır. Ona görə də, Avropa ölkələri bütün mümkün təhlükəli ssenarilərə mütləq hazır olmalıdırlar. Xatırladaq ki, NATO-nun Ankara sammitində Ukrayna prezidenti Volodimir Zelenski də bu təhlükəyə yönəlik bəzi xəbərdarlıqlar etmişdi. O, hətta Avropa liderlərinin Rusiyanın dövlət mediasındakı nüvə silahından istifadə ehtimalı ilə bağlı bəyanatlara ciddi narahatlıqla yanaşdıqlarını bildirmişdi.

Bütün bunlar onu göstərir ki, Kremlin təhdidkar nüvə ritorikası hərbi qərarlardan daha çox siyasi təzyiq alətinə çevrilsə də, onun yaratdığı psixoloji təsir kifayət qədər güclüdür. Bu baxımdan, mövcud vəziyyət həm də Avropa məkanının təhlükəsizlik sistemində artıq yeni mərhələnin başlandığını da biruzə verir. Və belə anlaşılır ki, yaxın vaxtlarda nüvə təhlükəsi qlobal məkanda əsas müzakirə mövzusu olaraq, qalacaq.
Göründüyü kimi, bir tərəfdən, Almaniya və digər NATO ölkələri hərbi müdafiə imkanlarını gücləndirməyə cəhd göstərirlər. Digər tərəfdən, Rusiya nüvə faktoru üzərindən strateji çəkindirmə mesajlarını davam etdirərək, daha da ön plana çıxarır. Bütün bunlara paralel olaraq isə Çin Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə inandığını iddia edir. Böyük ehtimalla rəsmi Pekin bununla qlobal hərbi-siyasi qarşıdurmanın nüvə təhdidləri ilə yüklənərək, nəzarətdən çıxmasının qarşısını almağa çalışır.
Ona görə də, indiki mərhələdə ən real ssenari nüvə müharibəsindən daha çox qarşılıqlı çəkindirmə, hibrid əməliyyatların genişlənməsi və siyasi-psixoloji təzyiq mübarizəsinin dərinləşməsi kimi görünür. Eyni zamanda, qarşıduran tərəflər arasında etimadın minimum səviyyəyə enməsi istənilən lokal insidentin belə, böyük sürətlə qlobal hərbi-siyasi böhrana çevrilmə riskini qoruyub, saxlayır. Və bu baxımdan, Rusiyanın çıxılmaz vəziyyətdə nüvə silahına əl atmayacağına heç bir halda, tam təminat vermək mümkün deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
