Paşinyanın “Ağrı dağı”ndan Ankaraya boylanmaq cəhdi


Gerbində Türkiyəyə torpaq iddiası olanlar kimi aldada biləcək?

Aqil CAMAL

30 illik işğal sona yetib. Dayanıqlı sülhün hüquqi əsasları yaradılmalı, bölgəyə barış gəlməli, bütün yollar açılmalıdır…

Bu niyyəti ilk olaraq Azərbaycan irəli sürdü. Həm də, 44 günlük müharibədən az sonra. Torpaqları işğal edilmiş, əhalisi soyqırıma, köçə məcbur edilmiş, sonra isə öz gücü ilə işğalçını ərazisindən qovan tərəf.

Məntiqlə və təcrübəyə görə sülhə məğlub tərəf olaraq İrəvan cəhd göstərməli idi. Amma, üzərindən dörd il keçməsinə baxmayaraq nə “Üçtərəfli bəyanat”da öhdəlik olaraq üzərinə götürdüyü Naxçıvana sərbəst kommunikasiyanın açılması təmin edib, nə də Müstəqillik Bəyannaməsindən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları çıxarıb. Ermənistanın dövlət gerbinin (armasının) tən ortasında Türkiyənin Ağrı dağı olduğu kimi qalmaqdadır…

Bəs reallıqda nə baş verir? Bölgə dövlətlərinin geosiyasi maraqlarına, həmçinin, qonşuluq siyasətinə zidd olaraq Ermənistan kənar oyunçuları regiona gətirir, total şəkildə silahlanma həyata keçirir.

“Zəngəzur dəhlizi”, “Altılıq formatı”, “Qərb-Şərq nəqliyyat dəhlizi” kimi yeni meydana çıxmış terminlərdən ruhlanan Nikol Paşinyan, Ermənistanı nəzərdə tutaraq “Dünyanın kəsişməsi” adlı odioz “layihə” ortaya atıb. Bunun üzərindən sülh mesajları verilir...

Eyni gündə iki erməni rəsmisinin bir-birini tamamlayan açıqlamaları diqqət çəkməyə bilməz. Xarici işlər naziri Ararat Mirzoyan qondarma “erməni soyqırımı”nın tanıdılmasının artıq, dövlət üçün prioritet olmadığını bildirdiyi gün, Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan isə Türkiyə mediasının təmsilçilərinin “Dünyanın kəsişməsi”(?!) layihəsini işıqlandırmaq üçün Ermənistana gələcəklərini bəyan edir.

Sanki, Türkiyə ictimai rəyinə hesablanmış (razılaşdırılmış) mesajlardır. Açması “Ermənistan dövlət olaraq Türkiyənin həssas yeri - soyqırımı iddiasını önə çəkmir, eyni zamanda, türkiyəli media təmsilçilərini sülh platformasına dəvət edir” – deməkdir.

Ermənistanın dövlət arması üzərindəki Ağrı dağı ilə bağlı heç cür unutmaq mümkün olmayan hadisəni indi xatırladım. (Bir görüşdə erməni gənc o zamankı prezident Serj Sarkisyana “Bəs, Ağrı dağı nə vaxt alacaqsız” sualnı verəndə, Serjin cavabı belə olmuşdu: “Bizim nəsil Qarabağı aldı, Araratı – Ağrı dağını almaq da siz gənclərin üzərindədir)…

Bu gün daxili siyasətdə sələfini qamçılayan N.Paşinyan, Türkiyəyə münasibətdə Sarkisyanın vaxtilə tətbiq etdiyi fəndləri işə salıb. Sülh diplomatiyasına start verib.

Təbii ki, Azərbaycan və Türkiyə hökumətləri bölgə siyasətini, o cümlədən, Ermənistanla normallaşma prosesini birgə koordinasiya edirlər. Eyni zamanda, Türkiyə ictimai rəyinin, o cümlədən, media camiəsinin böyük qismi bu prosesin məhz birlikdə aparılmasının ən doğru olduğu fikrindədirlər. Amma, görünən odur ki, ermənilər yenə də özlərinə gərək ola biləcək 3-4 “türkiyəli media təmsilçisi”ni tapıb, İrəvana gətirməyə razı salıblar.

Olsun! Görünür, Türkiyədə Ermənistanın “sülh, barış” mesajlarının səmimiliyə inananlar tapılıb. Bu gün də, dövlət armasında Türkiyənin ərazisini “müqəddəs məkan və müqəddəs hədəf” olaraq gənclərə təşviq edən və dəyişdirilməsi ilə bağlı tələbləri eşitməzdən gələn İrəvanın “səmimiyyəti” əslində göz önündədir. Müstəqillik Bəyannaməsindəki iddialar da öz yerində. Yenə “tarixi torpaqlar”, “böyük ərazilər” xəyalı ilə davam etmək. Sadəcə, vaxtı, məqamı gözləmək…

Bu baxımdan, qardaş Türkiyə toplumu Ermənistanın özü üçün yaratmağa çalışdığı “sülhü təşviq edən”, “barışdan yana olan” obrazına qətiyyən yanılmamalıdır. Bu sırada xüsusən, mediaçı məsləkdaşlarımızın oyanıq olması, ermənilərin aldadıcı məzlum missiya ilə əslində, dalan olan Ermənistanı “dünyanın mərkəzi” kimi təqdim etməsi layihəsindən uzaq durmalıdırlar.

Bir zaman Azərbaycan Prezidenti iştirak etdiyi beynəlxalq forumda “Türkiyə burada yoxdur, mən varam” demişdi. Bu gün də eynilə, Azərbaycanın Ermənistandan tələbləri həm də Türkiyənin tələbləridir, Türkiyə üçün də məqbuldur.

Bu halda, armasında Türkiyəyə torpaq iddiası açıq olan bir ölkə türk mediasında kimi aldada biləcək?


MANŞET XƏBƏRLƏRİ