Ermənistan mediasında Prezident İlham Əliyev və Nikol Paşinyanın BRİKS-in Kazan sammiti çərçivəsində baş tutan qapalı görüşünün detallarına dair müəyyən iddialar tirajlanıb. “Hraparak” nəşri Paşinyanın İrəvana qayıtdıqdan sonra görüşlə bağlı hakim partiyanın deputatlarına məlumat verdiyini yazır.
Deputatlarla keçirilən görüşdəki təfərrüatlar nəşrə sızdırıb. Paşinyan Əliyevlə saat yarım davam edən qapalı görüşdə sülh müqaviləsinin də müzakirə edilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Kazanda baş tutan görüşün məhsuldar keçdiyini demək olar:
“Azərbaycan və Ermənistan rəhbərləri ilk dəfə idi ki, geniş tərkibli formatda görüşürdü. Əvvəllər görüş ya xarici işlər nazirləri səviyyəsində, ya da təhlükəsizlik şurasının katibləri səviyyəsində baş tuturdu.
Bu həm görüşün məhsuldarlığını, həm də bütün məsələlərin detallı şəkildə müzakirə olunmasına imkan verir. Qərarların qəbulu daha rahat olur. Çünki müvafiq istiqamətlərdə məsul şəxslərə tapşırıqların verilməsi və detalların dəqiqləşdirilməsi daha tez başa gəlir.
Əlbəttə, Kazan görüşü prosesi irəliyə aparmaq üçün bir mərhələdir. Önəmli olan odur ki, bu, ikitərəfli formatda baş tutan bir görüş oldu”.
Politoloqun fikrincə, müzakirə zamanı Zəngəzur dəhlizinin açılması ilə bağlı önəmli nüanslarda razılıq əldə olunub.
“Ermənistan mediasında yayılan məlumatlara görə, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılması ilə bağlı, prinsipcə, son mərhələyə gəlib. Paşinyanın Kazandakı çıxışında da Azərbaycan vətəndaşlarının, avtonəqliyyat vasitələri və yüklərin asanlaşdırılmış prosedurla bu dəhlizdən keçməsi ilə əlaqədar təminat verməsi müsbət qarşılanmalıdır. Təbii ki, asanlaşdırılmış rejimin tam olaraq nədən ibarət olmasının detalları, yəqin ki, artıq tərəflər arasında sonrakı müzakirə mövzusu olacaq.
Azərbaycanın əsas tələbi 10 noyabr üçtərəfli bəyanatının 9-cu maddəsinə uyğun olaraq, maneəsiz və təhlükəsiz keçidin təmin edilməsidir. Əsas problem yaradan məsələlərin başında duran faktor Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlıdır. Bu məsələdə hansısa razılığın əldə olunub-olunmamasına dair konkret nəsə söyləmək çətindir. Amma Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. Düşünürəm ki, bu mövzuda hansısa ortaq formul tapıla bilər”.