Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimlə bağlı daha bir format ləğv olunur.
Turkustan.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Ermənistan və separatçı rejim “parlamentlərarası forumu” artıq sıradan çıxıb. Ermənistandakı deputatlar və separatçılar buna alternativ tapmağa çalışırlar. Belə ki, yeni formatda separatçı “deputatlar” və yalnız Ermənistan müxalifətindən olan millət vəkilləri yer alacaq. Hakim Mülki Müqavilə Partiyasından heç kimin bu formata qoşulmaq niyyətində olmadığı bildirilib.
Qəzet yazır ki, yeni qeyri-rəsmi formatın məqsədi Qarabağdan gələn ermənilərin problemlərini Ermənistan dövlət orqanlarına çatdırmaqdır. Artıq bununla bağlı iki görüş keçirilib və hər iki görüşdə Ermənistan parlamentindən bir neçə müxalif deputat iştirak edib.
Qeyd edək ki, Ermənistanın hakim dairələri 44 günlük müharibədən sonra Qarabağın keçmiş separatçı rejimi ilə müştərək olan bütün formatları dayandırmağa çalışırlar. Xüsusilə bu proses Azərbaycanın ötən il keçirdiyi antiterror əməliyyatından sonra daha da sürətlənib./Globalinfo.az