ABŞ-da üçüncü partiya yaradılması niyə "faciə" kimi qəbul edilir? - ŞƏRH


"ABŞ-da yeni partiyanın yaranması siyasi elitanın maraqlarına cavab vermir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-da bütün cəhdlərə baxmayaraq, ənənəvi olaraq mövcud olan ikili partiya sisteminin hələ də hakimi-mütləq olaraq qalmasını şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Amerikada yalnız iki partiya ölkə miqyasında geniş müstəvidə tanınır və müxtəlif səviyyələrdə ciddi uğurlar əldə edirlər:

"Amerika elitasına yeni bir siyasi partiyanın yaranması lazım deyil. Bunun baş verməsi siyasi elitanın ürəyincə deyil. Belədə həmin hakim dairələr üçüncü partiyanın yaranması ilə Amerika vətəndaşlarının öz ətraflarında partiya yarada biləcəyindən ehtiyatlanırlar. Digər tərəfdən, Amerika vətəndaşları yeni partiyaya səs versə, deməli, onlar hakimiyyətə gələcək ki, bu da indikiləri qane etmir. Məsələ hələlik müzakirə mərhələsindədir və heç bir böyük əhəmiyyəti yoxdur. Bir sözlə, ABŞ-da yeni bir siyasi partiyanın yaranması ehtimalı yox səviyyəsindədir".

Politoloq Qabil Hüseynli isə düşünür ki, Amerikada üçüncü bir partiyanın bu günədək hakimiyyətə gəlməməsi ölkədə dərin kök salmış siyasi ənənələrlə bağlıdır:

"Hazırda Amerikada faktiki olaraq 3 partiya var. Demokratlar və respublikaçılarla yanaşı, Liberal Partiyası da fəaliyyət göstərir. Amma Liberal Partiyası çox zəifdir. Daha çox siyasi maarifçilik işlərilə məşğuldur. İlon Maskın istəyinin reallaşması ilə siyasi partiyaların sayı 4-ə çatacaq. Maskın bu addımı fonunda Trampın narahat olması, deməli, onun nədənsə çəkinməsiylə bağlıdır. Trampın seçilməsinə milyardlar qoymuş Mask bu və buna bənzər digər məsələlərin üstünü açsa, ola bilsin, hazırkı prezident məhkəmə qarşısında cavab versin".

Ekspertin fikrincə, Amerikada iki partiyanın mövcudluğu ölkədə siyasi sistemin təkmilləşməsinə imkan vermir:

"Əksinə, xaos yaradır, seçicilərin iradəsinin ifadəsinə şərait yaratmır".

Qeyd edək ki, amerikalı milyarder, bu yaxınlara qədər prezident Donald Trampa yaxınlığı ilə seçilən İlon Mask ölkədə üçüncü bir siyasi partiya, "Amerika partiyası” yaratmaq niyyətinə düşüb. Tramp onun bu istəyini şərh edərkən deyib ki, Maskın relsdən çıxdığını görmək onu kədərləndirir.

"İlon Maskı tamamilə "relsdən kənara çıxması, son beş həftədə fəlakətə çevrildiyini görmək məni kədərləndirir. O, hətta Birləşmiş Ştatlarda heç vaxt uğur qazanmadıqlarına baxmayaraq, üçüncü siyasi partiya yaratmaq istəyir - sistem onlar üçün nəzərdə tutulmayıb. Üçüncü partiyanın yaxşı bildiyi yeganə şey, ölkədə xaos və qarışıqlıq yaratmaqdır".


MANŞET XƏBƏRLƏRİ