ABŞ Ukraynaya bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların tədarükünü müvəqqəti olaraq dayandırıb.
Turkustan.az xəbər verir ki, bu barədə Politico mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, belə qərar ABŞ müdafiə nazirinin siyasət üzrə müavini tərəfindən ölkənin sursat ehtiyatlarının vəziyyətinin yoxlanılmasından sonra qəbul edilib. Rəsmi mövqedə əsas səbəb kimi ehtiyatların kritik həddə yaxınlaşması ilə bağlı narahatlıq göstərilib.
Ağ Evin sözçüsü Kerolayn Levit isə bildirib ki, ABŞ-ın hərbi yardımını dayandırması yalnız Ukrayna ilə əlaqəli deyil. Onun sözlərinə görə, bu addım ABŞ-ın milli maraqlarına uyğunluğun qiymətləndirilməsi məqsədilə həyata keçirilən daha genişmiqyaslı yoxlamaların bir hissəsidir.
Bu qərar Qərbin Ukraynaya hərbi dəstəyi mövzusunda yeni suallar yaradıb. Ekspertlər hesab edirlər ki, ABŞ-ın bu cür ehtiyatlı mövqeyi Ukrayna üçün döyüş meydanında müəyyən çətinliklər yarada bilər və Vaşinqtonun daxili sursat balansına daha çox önəm verməyə başladığını göstərir. /Musavat.com/