Qohum evlilikləri: Ənənə bir qanunla aradan qalxacaqmı? - Açıqlama


Xəbər verdiyimiz kimi, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Bildirilib ki, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bakupost.az -a deyib ki, bu dəyişiklik ciddi sosial rezonans doğura bilər:

“Elə qohum ailələr var, hələ övladları uşaq ikən göbəkkəsdi ediblər ki, onlar nikah yaşına çatanda ailə qursunlar. Birdən-birə Ailə Məcəlləsinə dəyişiklik edib, qanunla yaxın qohumlar arasında evliliyi qadağan etmək müəyyən narazılıqlar yaradacaq. Qohum evlilikləri bizdə əsrlər boyu davam edən bir ənənədir. Bu ənənəni bir qanunla həll etmək mümkün olacaqmı? Bu, sual doğurur. Fikrimcə, əgər bu yeni norma təsdiq olunsa belə, 5-8 il buna keçid dövrü qoyulmalıdır. Bu məsələni tədricən həll etmək olar”.

Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qohum evliliklərinin törətdiyi fəsadlarla bağlı cəmiyyətdə zaman-zaman müzakirələr, diskussiyalar aparıldığını deyib:

“Elmi cəhətdən sübut olunub ki, qohum evlilikləri ağır fəsadlara gətirib çıxarır. Fikir versəniz, əlilliyin səbəblərini araşdıranda ən tez üzə çıxan məqam qohum evliliyinin olmasıdır. Fəsadları göz önünə gətirəndə evliliyin ikinci, üçüncü dərəcəli qohumluğa qədər qadağan edilməsi daha məqsədəuyğun olardı. Çünki ən çox risk məhz bu dərəcəli, yəni çox yaxın qohumlar arasında olan evlilikdə yaranır”.


MANŞET XƏBƏRLƏRİ