Əl yandıran parkinq qiymətləri: cibimizə kimlər girir? - Araşdırma


Xəbər verdiyimiz kimi, Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parkinqlər üçün yeni tariflər müəyyənləşib.

Belə ki, Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə, “Qış parkı” və Azadlıq meydanındakı yeraltı dayanacaqlarda parkinq qiymətləri artırılıb. Bakı Dəmir Yolu Vağzalının yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında qiymətlər parklanma müddətinə görə təyin edilib: 15-30 dəqiqə - 1 manat, 30-60 dəqiqə - 2 manat, 1-2 saat - 4 manat, 2-3 saat - 6 manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. İlk 15 dəqiqə isə pulsuzdur.

Avtomobilini “Qış Parkı"nda saxlayan sürücülər - 2 saata görə 1 manat, 2-4 saata - 2 manat, 4-6 saata - 3 manat, 6-10 saata - 4 manat, 10-12 saata - 5 manat, 12-24 saat - 8 manatlarından keçməli olacaqlar. Aylıq tariflər isə belədir. Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat), bütün günü (24 saatlıq) - 120 manat (60 manat), qonşular tarifi - 50 manat (20 manat).

"Azadlıq" meydanındakı yeraltı dayanacaqda isə 1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 5 manat, 12-24 saat üçün 10 manat ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 manat ödəniləcək.

Göründüyü kimi, aylıq tariflər 100 faiz artıb. Parkinq qiymətlərinin artırılması birmənalı qarşılanmayıb və sürücülər arasında böyük narazılığa səbəb olub.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda paytaxtda parklanma yerlərinə tələbat kəskin artıb. Bunun da əsas səbəblərindən biri mərkəzi küçələrdə parklanma yerlərinin ləğv edilməsi və həmin ərazilərə avtomobillərin daxil olmasının qadağan edilməsidir. Belə olan halda təbii ki, tələb kəskin artır:

“Ona görə də parklanma yerləri və dayanacaqlarda qiymətlər kəskin yüksəlib. Fikrimcə, parklanma tarifləri dövlətin mövcud sosialyönümlü siyasətinə zidd olmamalıdır”.

Eldəniz Cəfərovun fikrincə, Azərbaycanda parklanma qiymətləri Nazirlər Kabinetinin reqlamentinə uyğun tənzimlənməlidir:

“Ötən il Nazirlər Kabineti parklanma ilə bağlı olduqca ədalətli, sosialyönümlü qiymətlər müəyyən edib və bu, hər kəsin cibinə uyğundur. Hətta şəhər ətrafına getdikcə parklanma pulsuz olur. Eyni zamanda, bazar günləri də parklanma ödənişsizdir. Dəmiryol Vağzalı və digər dövlətə məxsus yerdə parklanma qiymətləri Nazirlər Kabinetinin qərarına əsasən, tənzimlənməlidir. Qiymətlərin baha olması ilə bağlı ictimaiyyətin narazılıqları var. Düşünürəm ki, bu məsələdə cəmiyyətin fikri nəzərə alınmalıdır”.

"Parklanma qiymətlərinin kəskin artması fərdi avtomobillərdən istifadəni azaldacaqmı" sualına gəlincə, ekspert qeyd edib ki, bu, gözlənilmir:

“Çünki Bakıda ictimai nəqliyyatda ləngimələr olur. Bu səbəbdən insanlar məcburdur ki, fərdi avtomobillərdən istifadə etsin. İctimai nəqliyyat yaxşı fəaliyyət göstərən zaman fərdi avtomobillərdən istifadə azala bilər. Parklanmada nə qədər də qiymət artımı olsa, ictimai nəqliyyat yaxşı fəaliyyət göstərməzsə, fərdi avtomobillərdən istifadə azalmayacaq”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, şəhərsalma prinsiplərinə əsasən, bəzi ərazilərdə parklanma qiymətləri baha olur. Məqsəd isə yersiz sıxlığın qarşısını almaqdır:

“Parklanma qiymətləri aşağı olanda bəzən insanlar saatlarla maşınını park edib gedirlər. Ancaq elə ərazilər var ki, orada saatlarla maşın saxlamaq olmaz. Məsələn, Bakı Dəmiryol Vağzalı ərazisində parklanma yeri məhduddur. Orada qiymətlər elə təyin edilib ki, parkinq daim dolu olmasın. Vağzaldan istifadə edənlər rahat olmalıdır. İndi oradakı şərait taksilər üçün daha rahat olacaq, müştərini mindirib-düşürüb tez çıxsa, ödəniş etməyəcək. Amma qiymət ucuz olanda bütün maşınlar orada saatlarla dayanacaq. Eyni zamanda həmin ərazidə normal qiymətə digər parkinqlər də var. Oraya da maşın park etmək olar”

Ekspert vurğulayıb ki, qanunvericilikdə, "Yol hərəkəti haqqında" qanunda parklanma ilə bağlı yalnız ilk 15 dəqiqənin pulsuz olduğu əksini tapıb.

"Qanun bunu tələb edir. Aidiyyəti qurumlar da məhz qanuna əsaslanıb belə bir addım atırlar".

E.Muradlı hesab edir ki, parkinq məntəqələrindəki yeni tariflərlə bağlı ciddi narazılıqlar, şikayətlər olarsa, qiymətlərə yenidən baxıla bilər: “Əgər narazılıqlar olsa, böyük ehtimal ki, tariflərə yenidən baxılacaq”.

Nəqliyyat eksperti Aslan Əsədov hesab edir ki, bəzi qərarlar müzakirəyə çıxarılaraq qəbul edilməlidir ki, sonradan narazılıqlar yaranmasın:

“Ölkədə qiymət siyasətini həyata keçirən qurum Tarif Şurası olduğundan parkinq qiymətlərinin təyin olunması bu qurumla razılaşdırılmalıdır. Tarif Şurasının tərkibində dövlət qurumları təmsil olunur. Ona görə də yaxşı olar ki, məsələ Tarif Şurası ilə müzakirə edilsin. Bu barədə Tarif Şurasının mövqeyi açıqlansaydı, çox yaxşı olardı. Çünki qiymətlər doğrudan da birdən-birə iki dəfə artdı”.

Ekspert qeyd edib ki, qiymət tarifinə mütləq baxılmalıdır ki, narazılıqLAR aradan qalxsın.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli hesab edir ki, parkinq qiymətləri çox bahadır. Bu da insanların narazılığına səbəb olur:

“Qiymətlər dəyişdirilməli, ucuzlaşdırılmalıdır”.

Millət vəkili Rüfət Quliyevin sözlərinə görə, bütün dünya ölkələrində ətraf ərazilərlə müqayisədə mərkəzi hissədə hər şey, eyni zamanda parkin qiymətləri də baha olur. Bu səbəbdən də parklanma üçün yeni tariflər müəyyənləşməsi normaldır:

“Bakının mərkəzində tıxaclarla bağlı problemləri əsas gətirərək belə bir qərarın qəbul olunması müsbət haldır”.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı Dəmiryol Vağzalının ərazisində parklanma qiymətləri ilə bağlı səslənən narazılıqlara münasibət bildirib. Qurumdan qeyd edilib ki, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində ("28 May" metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək:

"Dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt təyin edilib. Qarşılanma və yola salınma zonasının 72 avtomobili parkinq etmək tutumu var. Bu baxımdan ərazi ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun parkinq edə bilərlər. Eyni zamanda sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan sərnişinlərin rahat gəlib gedişinə mane olur. Nəzərə almaq lazımdır ki, ADY-yə məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir, ona görə də ilk növbədə sərnişinlərin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə maneəsiz daxil olmaları üçün şərait yaradılacaq. Tariflərin yüksək olmasına gəlincə bu zonanın təyinatı ilk növbədə sərnişinlərin vağzal ərazisinə rahat daxil olmasıı və çıxışını təmin etməkdir. Ərazidə uzunmüddətli maşın saxlamaq istəyənlər vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqı xidmətlərindən istifadə edə bilərlər".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Qış Parkı"nın yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlərin bahalaşmasına münasibət bildirib.

Vurğulanıb ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ