Azərbaycanın xüsusi xidmət orqanları: Əfrasiyab Ağalarovdan Əli Nağıyevə qədər...


Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi qeyd olunur.

Modern.az saytı Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixini diqqətə çatdırır.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

1918-ci ilin may ayının 28-də dövlət müs­tə­qilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təh­didlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zə­rər­siz­ləş­dirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı.

Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sa­yırdı.

1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahın tərkibində Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı, kornet (AXC dövründə süvari hissələrində ilk zabit rütbəsi) Əf­rasiyab bəy Ağalarov rəis təyin olun­­du.

O zaman xüsusi bacarıq tələb edən bu sahədə peşəkar mü­təxəs­sis­lər olmadığından Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin əməkdaşları keçmiş çar ordusunun hərbçilərindən seçilmişdi.

1919-cu ilin iyun ayının 11-də Azərbaycanda Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latı yaradıldı. Hərbi Nazirliyin əks-kəş­fiy­yat xid­mə­ti öz əməliyyat təsərrüfatını Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latına təhvil verdi. Pol­kovnik İrza bəy Ha­cı­bəy­lin­skinin rəhbərlik etdiyi kəşfiyyat qu­rumu isə Hərbi Nazirliyin tərkibində saxlanıldı. La­kin hər iki xüsusi xidmət orqanı arasında qarşılıqlı əmək­daşlıq da­vam edirdi.

Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latının rəisi vəzifəsinə “Müsavat” par­tiyasının üzvü, millət vəkili Məm­məd­bağır bəy Şeyxzamanov tə­yin olundu. Rəis müa­vini vəzifəsini isə “Hüm­mət” partiyasının üzvü Mirfəttah Musəvi tuturdu. Onun öl­dü­rül­mə­sin­dən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski icra etməyə başladı.

Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latının ilk rəisi Məm­məd­bağır bəy Şeyxzamanov 1919-cu ilin avqust aynın 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olundu. Bundan sonra onun kiçik qardaşı Nağı bəy Şeyx­za­ma­nov Əks­inqilabla Mü­ba­rizə Təş­ki­latının rəisi vəzifəsinə gətirildi.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra respublikanın təhlükəsizlik orqanlarının əmək­daş­larına qar­şı rep­res­si­ya həyata keçirildi. Əfrasiyab bəy Ağalarov, Məmmədbağır bəy Şeyx­za­manlı sorğusuz-sualsız güllələndi, təhlükəsizlik əməkdaşlarının bir qismi həbs edildi, bir qismi isə, o cümlədən Nağı bəy Şeyxzamanlı mü­­ha­cirətə get­məyə məc­bur oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra - 1920-ci ilin aprel ayının 29-da Azərbaycan Fövqəladə Komissiyası (Azərbaycan FK) yaradıldı.
Həmin qurum əvvəllər XI Qırmızı Ordunun Xüsusi şöbəsi ilə birlikdə fəaliyyət göstərdiyindən Semyon Pankratov XI Ordunun xüsusi şöbəsi ilə yanaşı, Azərbaycan FK-ya da rəhbərlik edirdi.

1920-ci il mayın 14‑də Azərbaycan İnqilab Komitəsinin keçirdiyi iclasda Eyyub Xanbudaqov Fövqəladə Komissiyanın sədri Semyon Pankratov isə Fövqəladə Komissiya sədrinin müavini təyin edildi.

Beləliklə də Azərbaycan Fövqəladə Komissiyası 1920-ci il mayın 18-də XI Qırmızı Ordunun xüsusi şöbəsindən ayrıldı və müstəqil fəaliyyətə başladı.

1922-ci il fevralın 6-da FK və onun yerli orqanları ləğv edilərək, həmin qurumun bazasında Dövlət Siyasi İdarəsi (DSİ) yaradıldı.

1934-cü il iyulun 10-da isə xüsusi xidmət orqanı Baş Dövlət Təhlükəsizliyi İdarəsi (BDTİ) adlandırıldı.

20 avqust 1941-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (XDİK) yaradıldı. Bu qurumun rəhbəri Mirteymur Mirələkbəroğlu Yaqubov, onun birinci müavini isə Stepan Fyodoroviç Yemelyanov təyin edildi.

O dövlər SSRİ-də yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik orqanlarının strukturu və vəzifələri tez-tez dəyişirdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə 1943-cü ilin may ayının 26‑dan etibarən Xalq Daxili İşlər Komissarlığı Xalq Dövlət Təhlükəsizlik Komissarlığı adlandırıldı.

1954-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi (DTK) yaradıldı. 1957-ci ildə dövlət sərhədlərinin möhkəmləndirilməsi məqsədilə Sərhəd Qoşunları da DTK-ya verildi.

1920-ci ildən 1967-ci ilə kimi Azərbaycan SSR-in xüsusi xidmət orqanına Semyon Pamkratov, Baba Əliyev, Eyyub Xanbudaqov, Mircəfər Bağırov, Novruz Rizayev, Mixail Frinovski, Aleksey Aqrba, Anatoli Quskov, Fyodor Kopılov, Aleksandr Kardaşov, Semyon Sviqun rəhbərlik edib.

1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə Heydər Əliyev təyin olundu və ona general-mayor rütbəsi verildi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri vəzifəsinə yüksələndən sonra DTK-ya Vitali Krasilnikov başçılıq etdi. Daha sonra Ziya Yusifzadə, İvan Qorelovski, Vaqif Hüseynov DTK sədri oldular.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xüsusi xidmət orqanı Milli Təhlükəsizlik Nazirliyi adlandırıldı.

Müstəqillik dövründə Milli Təhlükəsizlik Nazirliyinə İlhüseyn Hüseynov, Fəxrəddin Təhməzov, Nəriman İmranov, Namiq Abbasov, Eldar Mahmudov rəhbərlik edib.

2015-ci ildən Azəbaycanın təhlükəsizlik orqanlarına iki qurum daxildir - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinə general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinə isə general-polkovnik Orxan Sultanov rəhbərlik edir.


MANŞET XƏBƏRLƏRİ