2020-ci ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, Rusiyanın təsdiq olunmuş neft ehtiyatları ölkəyə hələ 28 ilə yaxın bəs edəcək.
Bu proqnoz "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin və Böyük Britaniyanın BP şirkətinin məlumatları əsasında verilib.
Bu göstəriciyə görə, Rusiya digər OPEC ölkələri olan Səudiyyə Ərəbistanı (73,6 il), BƏƏ (73,1 il), İraq (96,3 il) və Küveytdən (103,2 il) geri qalır.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan neft məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bu məlumatın birmənalı qarşılanmadığını deyib:

"Çünki hazırda Rusiyanın quruda olan yataqlarının böyük əksəriyyəti artıq özünün pik hasilat xəttini ötübdür. Qarşıdakı illərdə Rusiyada neft hasilatında hər hansısa bir artma baş verərsə, bu dəniz yataqları hesabına baş verməlidir.
Bu, indiki qiymətlər çərçivəsində, eyni zamanda qlobal eneri keçidi və sərt iqlim tələbləri qarşılığında bu yataqlarda hər hansı hasilat işlərinin aparılması bir az müəmmalı görünür. Digər tərəfdən, Rusiyanın çətin çıxarılan yataqlarında tətbiq olunan texnologiyalara məhdudiyyət var. Belə ki, 2014-cü il Krım hadisələrindən sonra qabaqcıl texnologiyaların təqdim olunması və yaxud mühəndis xidmətlərinin təşkil edilməsinə qadağa qoyulub. İndiki bazar şərtləri baxımından qarşıdakı illərdə Rusiyanın adıçəkilən neft ehtiyatlarından maksimum istifadə etmək imkanları məhduddur".
Ekspert Azərbaycanın isə neft ehtiyatlarından 2050-ci ilədək maksimum yararlanmaq imkanının olduğunu bildirib:
"Azərbaycanda ən zəngin neft yatağımız Azəri-Çıraq-Günəşli yataqlar blokudur. Bu yataqlar blokundan savayı digər yataqlarımız orta yataqlar fəsiləsinə aiddir. O cümlədən "Dostluq" (keçmiş adıyla "Kəpəz"/ "Sərdar") yatağın Türkmənistan ilə ortaq şəkildə istismar edəcəyik.
Azərbaycanda neft hasilatının pik həddi 2009, 2010, 2011-ci illərə təsadüf edir. Bu illərdə ölkədəillik neft hasilatı 50 milyon tonu keçibdir. Qarşıdakı ildə də bizdə neft hasilatında elə bir artımlar olmayacaq. Çünki Azəri-Çıraq-Günəşli yatağından sonra Xəzərin Azərbaycan sektorunda elə də böyük yataqlar yoxdur. Bizim neft hasilatımız əsasən, fokuslanıb Azəri-Çıraq-Günəşli yataqlar qrupuna. Digər kiçik yataqlarda aparılan işlər isə Azərbaycanda neft hasilatını qarşıdakı illərdə heç olmasa sabit saxlamağa hesablanıbdır. Çünki hər il Azərbaycanda neft hasilatında təbii azalma baş verir. Bu da başa düşüləndir.
Azəri-Çıraq-Günəşli yatağı blokundan sonra Xəzərin azərbaycan sektorunda həmin adıçəkilən yatağa bərabər ikinci bir böyük neft ehtiyatlarına malik olan yataq tapılmayıb. Digər bir tərəfdən bizim Azəri-Günəş-Çıraqlı yataqlar bloku ilə bağlı bizim BP ilə sazişimiz var. Həmin saziş 2050-ci ilə kimi davam edəcək. Deməli, Azərbaycan 2050-ci ilə kimi özünün arxivində olan neft ehtiyatlarından maksimum yararlanmalıdır. Onun bir hissəsi daxili tələbatı ödəməlidir, daxili tələbatı ödədikdən sonra əlavə tədarük tədbirlərinə aid olan neft və neft məhsulları xarici ölkələrin bazarında satılmalıdır. Ondan yararlanmalıyıq.
Eyni zamanda digər yataqlarımızdan təsdiq olunmuş, çıxarıla bilən neft ehtiyatlarından maksimum yararlanmalıyıq. Bütün proqnozlar, ideyalar 2050-ci ildə artıq dünyda neftə olan tələbatın kəskin aşağı düşməsi ilə nəticələnəcək və dünya yeni bir enerji sisteminə daxil olacaqdır. Bu, yeni iqlim tələblərinin ortaya qoyulması ilə bağlıdır, aparıcı neft şirkətlərinin qarşıdakı illərdə neft-qaz yataqlarına invenstisiya qoymamaqları ilə bağlıdır. Eyni zamanda beynəlxalq maliyyə qurumlarının, aparıcı bankların neft və qazsektoru ilə bağlı layihələrə hır hansı maliyyə dəstəyinin verilməməsi ilə bağlıdır.
Düşünürəm ki, qarşıdakı 2050-ci ilə kimi Azərbaycan özünün aktivində olan neft yataqlarından yaralanmalıdır. Bundan sonra növbəti mərhələ başlayacaq və artıq o növbəti mərhələ də başlayıbdır. Bu, bizim zəngin qaz yataqları ilə bağlıdır. Biz bundan da yataqlardan da maksimum yararlanmalıyıq və həm də ölkənin özünün daxili eneri tələbatını təmin etməliyik."