Keçmiş nazirdən sensasiyalı təkliflər


Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Naxçıvan Muxtar Respublikasının blokadada saxlanılması məsələsi və Zəngəzur istiqamətində yaranmış durğunluqla bağlı maraqlı təhlil ilə çıxış edib.

O qeyd edib ki, Naxçıvanın blokadası hələ də həllini tapmayan əsas problemlərdən biridir və kommunikasiyaların blokadaya alınması beynəlxalq hüquqda hərbi əməliyyat forması kimi qiymətləndirilir.

T. Zülfüqarovun sözlərinə görə, Yaxın Şərq münaqişəsində boğazların blokadası nümunəsi bir daha sübut edir ki, kommunikasiyaların kəsilməsi beynəlxalq hüquqda məhz bu cür – hərbi fəaliyyət forması kimi tənzimlənir:

"Məlum 9-cu bəndin icra olunmaması və artıq TRİPP layihəsi çərçivəsində götürülmüş öhdəliklərdən yayınma Ermənistanın ölkəmizin bir hissəsinin blokadasını məqsədyönlü şəkildə davam etdirməyə çalışdığını göstərir".

Ekspert hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycanın öz eksklavına gedən yolların açılması üçün geniş spektrli siyasi və güc tədbirləri görməyə tam haqqı çatır:

"Mümkün ssenarilərin hazırlanmasında aşağıdakı dörd əsas faktor baza kimi qəbul edilməlidir:

- Ermənistanın 9 noyabr 2020-ci il tarixli razılaşmalar və 2025-ci il Vaşinqton razılaşmaları çərçivəsində öhdəliklərindən yayınması;

- 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycan SSR-in Zəngəzur (Mehri) dəmir yolu sahəsinə mülkiyyət hüququ probleminin tənzimlənməməsi;

- Rusiya sərhəd qoşunlarının (FSB) və Rusiya Dəmir Yollarının (RŽD) de-fakto və de-yure tam nəzarəti;

- Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlarda, o cümlədən bu sahil sahəsi üzrə nəticələrin hələ də əldə olunmaması (həmin ərazinin son mənsubiyyəti yalnız danışıqlar başa çatdıqdan sonra müəyyən edilə bilər)".

Tofiq Zülfüqarov hesab edir ki, bu reallıqdan çıxış edərək, Azərbaycan beynəlxalq tərəfdaşlarla (o cümlədən ABŞ və Rusiya ilə) aparılan bütün mövcud danışıq formatlarında tamhüquqlu iştirakını tələb etməli və qətiyyətli addımlar atmalıdır:

"Bu çərçivədə irəli sürülə biləcək təkliflər sırasına daxildir:

- Azərbaycan Mehri dəmir yolu xəttinin tam bərpa edilərək istismara verilməsini təmin etməyi təklif edə bilər;

- Dəmir yolunun statusu, mənsubiyyəti və istismar qaydaları gələcəkdə Azərbaycan ilə Ermənistan arasında aparılacaq danışıqlar zamanı müəyyənləşdirilə bilər;

- Bərpa işlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın güc strukturları bu fəaliyyəti digər maraqlı tərəflərlə birlikdə həyata keçirə bilərlər".


MANŞET XƏBƏRLƏRİ