Hazırda avtomobil ehtiyat hissələrinin qiymətində 5-10 faiz civarında artım müşahidə olunur. Bu artım bütün ehtiyat hissələrində hiss edilir.
Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil ehtiyat hissələri bazarındakı son vəziyyətdən danışarkən deyib.
Ekspert qiymət artımının Hörmüz boğazındakı gərginliklə birbaşa bağlı olması barədə iddialarla razılaşmayıb:
“Hörmüzdəki gərginlik bahalaşmaya müəyyən qədər təsir göstərə bilər. Xüsusilə həmin marşrut üzərindən gətirilən bəzi marka və modellərin ehtiyat hissələrinə təsiri mümkündür. Ancaq bütövlükdə bazara ciddi təsir etmir. Çünki Azərbaycana avtomobillər və ehtiyat hissələri müxtəlif ölkələrdən, fərqli marşrutlarla idxal olunur. Bahalaşmanın əsas səbəbi avtomobil sənayesində xammal qiymətlərinin və daşınma xərclərinin artmasıdır”.
E.Cəfərov əlavə edib ki, yaxın aylarda ehtiyat hissələrinin qiymətində yeni ciddi artım gözlənilmir:
“Düşünmürəm ki, qarşıdan gələn aylarda qiymətlər daha da yüksəlsin. Yay mövsümündə ehtiyat hissələrinin qiymətinin stabil qalacağı gözlənilir”.