QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək


“Quşçu” Heyvandarlıq İctimai Birliyi “Heyvandarlıq təsərrüfatlarında maarifləndirmə tədbirləri” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Şamaxı rayonunda, eləcə də İsmayıllı, Ağsu və Qobustan rayonlarında heyvandarlıq təsərrüfatlarında mövcud vəziyyətin öyrənilməsi məqsədilə araşdırmalar aparılacaq. Araşdırmalar zamanı heyvandarlıq sahəsində qarşıya çıxan problemlər, ekoloji təsirlər və təsərrüfatların fəaliyyəti ilə bağlı mövcud vəziyyət təhlil ediləcək.

Bununla yanaşı, heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə hüquqi dəstək göstəriləcək, onların maarifləndirilməsi məqsədilə müxtəlif məlumatlandırma kampaniyaları təşkil olunacaq. Layihə çərçivəsində mövzu ilə bağlı araşdırma məqalələri hazırlanaraq mətbuatda yayımlanacaq.

Heyvandarlıq və ətraf mühit məsələlərinə diqqətin artırılması məqsədilə maarifləndirici tədbirlər və ictimai müzakirələr keçiriləcək. Tədbirlərdə mütəxəssislər, fermerlər və ictimaiyyət nümayəndələri ilə mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılacaq.


MANŞET XƏBƏRLƏRİ