Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlətçilik tariximizdə silinməz iz qoymuş böyük şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz yalnız siyasi və iqtisadi sahədə deyil, elm, təhsil, mədəniyyət və idman istiqamətlərində də böyük inkişaf yolu keçmişdir.
Heydər Əliyev gənclərin sağlam və vətənpərvər ruhda formalaşmasına xüsusi diqqət yetirirdi. O, idmanı xalqın sağlam gələcəyinin əsas istiqamətlərindən biri hesab edir, ölkədə idman infrastrukturunun yaradılması və beynəlxalq arenada Azərbaycan idmançılarının uğur qazanması üçün mühüm addımlar atırdı. Məhz onun təşəbbüsü ilə respublikamızda yeni idman kompleksləri tikilmiş, müxtəlif idman növlərinin inkişafına dövlət dəstəyi artırılmışdır.
Həyatımın ən anlamlı günlərindən biri 15 iyun 2002 ci il Naxçıvan MR Olimpiya İdman Kompleksinin açılış günü Ulu Öndərimiz Heydər Əliyevin də açılışda iştirak etdiyi o dəyərli gün mənim gəncliyimə təsadüf edirdi.Əynimdə karate kumanusu və qarşımda Naxçıvanın yaxşı karateçilərindən biri ilə kumute edirdim.Heydər Əliyevin yanımıza gəlib bizim döyüşməyimizə yaxından baxması məni çox ruhlandırdı .Bəlkə də məhz elə o gün qətiyyətli qərar verdim ki, karate daim həyatımda olacaq.Çünki mənim Ümummilli liderimizi lap yaxından gördüyüm an və son gördüyüm babamızı bir daha görə bilmədim.Bu mənim həyatımın ən dəyərli günü idi və o dəyəri hələ də yaşadıram .Bəzən düşünürəm ki, yenə də Heydər babamız məni karate paltarında müşahidə edir.O tədbirdə Heydər Əliyevin çıxışını çox maraqla dinlədim və sözlərini unutmadım.Mənə siyasi stimul verdi .O dəyərli sözləri bir daha nəzərinizə çatdırmaq istəyirəm,Yorğun səslə, amma sümüklərimə işləyən səslə Ulu öndərimiz çıxış edirdi.
,,Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Əziz naxçıvanlılar!
Mən sizi səmimi qəlbdən salamlayıram. Azərbaycanın gözəl guşəsi olan Naxçıvan torpağında bu gün yenidən sizinlə görüşməyimdən özümü həddən ziyadə xoşbəxt hesab edirəm.
Burada deyildi ki, mənim Naxçıvana bugünkü gəlişim Qurtuluş gününə təsadüf edibdir. Ancaq mən bunu eşidərkən düşündüm, bəlkə də təsadüf etməyibdir. Mən sadəcə, bu gün, bu əziz gündə sizinlə bir yerdə olmaq üçün buraya gəlmişəm. Bunun əsası var. Doqquz il bundan öncə Naxçıvan həyatının ağır günlərini yaşayırdı. Təkcə Naxçıvan yox, bütün Azərbaycan həyatının faciəli günlərini yaşayırdı.
Bilirsiniz ki, artıq Bakıda hakimiyyət böhranı, iqtisadi böhran, siyasi böhran bir-birinə qarışaraq, ölkəni fəlakətli bir vəziyyətə gətirdiyi vaxtda Azərbaycanın mötəbər insanlarının böyük bir qismi ardıcıl olaraq Bakıdan Naxçıvana üz tuturdular, buraya gəlirdilər, mənimlə görüşürdülər, məsləhətləşirdilər, Azərbaycanın bu ağır vəziyyətdən çıxması haqqında məndən məsləhətlər gözləyirdilər.
Xatırlayıram, elə olurdu ki, bir gündə bir neçə təyyarə ilə insanlar dəstə-dəstə, qrup-qrup Naxçıvana gəlirdilər. Mən buradan, Naxçıvandan sizinlə birlikdə bütün Azərbaycanın o ağır, faciəli həyatını görürdüm. Çünki onun bir hissəsi də Naxçıvanı bürümüşdü və biz onu öz həyatımızda hiss edirdik. Azərbaycanı sevən adam kimi, Vətəninə, torpağına, millətinə hədsiz sədaqət hissi ilə yaşayan adam kimi və Azərbaycanın keçmiş illərdə inkişaf etməsində xidmətlər göstərmiş adam kimi, təbiidir ki, mən hamıdan çox düşünürdüm, hamıdan çox əzab-əziyyət çəkirdim. Ancaq biz sizinlə burada blokadadaydıq. Bir yandan ermənilər tərəfindən Naxçıvana qarşı tətbiq olunmuş blokada, digər tərəfdən isə, təəssüflər olsun ki, o vaxtkı hakimiyyət orqanları da Naxçıvanda sağlam fikirli insanların qarşısını almaq üçün bizə ikinci bir blokada yaratmışdılar.
O günlər çox ağır günlər idi. Hətta indi, 9 il keçəndən sonra deyə bilərəm ki, bəlkə də mən bəzi hallarda çıxış yolunu görə bilmirdim. Ancaq mənə olan müraciətlərə də biganə qala bilməzdim. İyun ayının 6-dan başlayaraq, Azərbaycanın o vaxtkı iqtidarı, Azərbaycan Prezidenti mənimlə əlaqə saxladı, məni Bakıya dəvət etdi və dərhal Bakıya uçmağım üçün təyyarə göndərildi. Ancaq mən buna razılıq vermədim.
O vaxtlar burada mənimlə bərabər olanlar, - indi onların hamısını burada görürəm, - xatırlayırlar ki, səhərdən axşama qədər mənimlə danışıqlar gedirdi. Bakıdan ardıcıl surətdə telefon zəngləri, eyni zamanda həm xalqın nümayəndələrinin Naxçıvana axını və mənə müraciətləri, həm də o vaxtkı iqtidarın bilavasitə mənə müraciəti və təkidlə xahişi ki, mən Bakıya gedim. Qəribə günlər idi,,.Bu sözlər mənim və idman həyatımın bir parçası oldu.
Ulu Öndər idmanı yalnız yarış və nəticə kimi deyil, həm də milli ruhun, intizamın və vətənpərvərliyin formalaşması baxımından mühüm sahə hesab edirdi. Onun rəhbərliyi dövründə bədən tərbiyəsi və idmanın inkişafına dair mühüm proqramlar hazırlanmış, uşaqların və yeniyetmələrin idmana marağının artırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Bu siyasət nəticəsində minlərlə gənc sağlam həyat tərzinə cəlb olunmuşdur.
Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, güclü dövlətin təməlində sağlam gənclik dayanır. Bu düşüncə Azərbaycanda idman siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri, müasir stadionlar və idman məktəbləri məhz həmin siyasətin uğurlu nəticəsidir.
Ümummilli Liderin idmana göstərdiyi diqqət bu gün də öz bəhrəsini verir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırır, ölkəmizin adını dünyaya tanıdırlar. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan uğurlar Azərbaycan idmanının dünya səviyyəsində tanınmasına səbəb olmuşdur. Bu uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi düzgün dövlət siyasəti dayanır.
Heydər Əliyev hər zaman gənclərə inanır və onların gələcəyin aparıcı qüvvəsi olduğunu bildirirdi. Onun “Gənclər bizim gələcəyimizdir”- fikri bu gün də aktuallığını qoruyur. Müasir Azərbaycan gəncliyi, xüsusilə idmançılar dövlətimizin milli-mənəvi dəyərlərinə sadiq, güclü və vətənpərvər ruhda yetişirlər. İdman sahəsində əldə olunan nailiyyətlər gənclərimizin əzmkarlığının və dövlət qayğısının bariz nümunəsidir.
Bu gün Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, dünya və Avropa çempionatları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər ölkəmizin idman sahəsində qazandığı böyük nüfuzun göstəricisidir. Azərbaycanın idman ölkəsi kimi tanınması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun dövlətçilik ideyaları gələcək nəsillər üçün örnək olacaqdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycanın tərəqqisinə, gənclərin uğurlu gələcəyinə və idmanın inkişafına xidmət edir. Azərbaycanın hər bir uğurunda Heydər Əliyev ideyalarının işığını görmək mümkündür.
Müəllif: İdman mütəxəssisi Nicat Allahverdiyev