Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
"Sammitdə iştirakım Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir".
Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı Sammitdə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən videoformatda qoşulacağam. Həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il əvvəl Prezident Koşta və Prezident fon der Leyen ilə görüşüm zamanı onlar 2026-cı ilin mayında sammitin Ermənistanda keçirilməsi ideyası barədə fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə balanslı yanaşmanın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul olundu və buna görə də üzvləri 2028-ci ilin mayında Azərbaycana dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan da namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir”, - dövlət başçısı bildirib.
"Biz cəmi doqquz aydır sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik".
Prezident İlham Əliyev bildirib ki, “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri birgə bəyannamə imzaladılar. Qeyd edildiyi kimi, Prezident Tramp da şahid qismində bu sənədi imzaladı. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və mən əminəm ki, bizim üçün də, erməni tərəfdaşlarımız üçün də sülh artıq reallaşıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanı Avropa Siyasi Birliyinin sammitinin Ermənistanda keçirilməsi münasibətilə təbrik etmək istərdim. Qeyd edirəm ki, prosesi əngəlləmək istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistan Baş nazirinin çıxışı da bunu açıq şəkildə nümayiş etdirir. Sammitə uğurlar arzulayıram”
Prezident bildirib ki, Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir: "Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istərdim. Bütün Avropa institutları eyni yanaşmanı nümayiş etdirmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlament üzvü kimi AŞPA-nın fəal üzvlərindən biri olmuşam. 2024-cü ilin yanvarına qədər nümayəndə heyətimiz Avropa Şurasında heç vaxt hər hansı məhdudiyyətlə üzləşməyib. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. Biz 1993-cü ildə qəbul olunmuş və 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz icra etdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi. Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib. Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır. Sonuncusu isə cəmi dörd gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib. Bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir. Buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib. Nəzərə alaraq ki, bu sammitlər çərçivəsində biz fikirlərimizi və narahatlıqlarımızı açıq şəkildə bölüşürük, bu məsələ ilə bağlı baş verənləri həmkarlarımızın diqqətinə çatdırmaq istədim ki, hər hansı dezinformasiya və manipulyasiya üçün zəmin yaranmasın”, - dövlət başçısı vurğulayıb.