1996 / 2007-ci illərdə Lerik rayon 3 saylı orta məktəbdə orta təhsil alır...
2007 / 2010-cu illərdə Cəmşid Naxçıvanski adına Bakı Ali Hərbi Liseyində;
2010 / 2014- cü illərdə Heydər Əliyev aına Bakı Ali Hərbi Məktəbində ali hərbi təhsil alır...
2015-ci ildə Qobustanda yeləşən hərbi hissələrdən birinə təyinat alsa da, elə həmin il ərizə yazaraq könüllü şəkildə ön cəbhədəki hərbi hissələrdən birində xidmətini davam etdirir...
2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına döyüşür...
2016 / 2017-ci illərdə xidmətini davam etmək üçün Qobustana göndərilsə də, yenidən ərizə yazaraq Ağcabədi rayonundakı hərbi hissələrdən birində könüllü olaraq xidmətini davam edir...
Xidməti müddətində baş leytenant rütbəsinə qədər yüksəlir...
2018-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə Kimya Xidmət rəisi vəzifəsinə təyin olunur...
Bundan sonra xidmətini XTQ sıralarında davam etdirir...
Vətən Müharibəsində Murovdağ yüksəkliyi, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının və Laçının bir neçə kəndinin işğaldan azad olunmasında xüsusi şücaət göstərən, döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən, yaralı döyüş yoldaşlarını atəş altından çıxararaq xilas edən, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərkən, düşmənin artilleriya atəşinə tuş gələrək şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Mükafat oğlu Yaqublu!
İgidimiz vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən Müharibəsi İştirakçısı", "Vərən uğrunda", "Şücaətə görə" medalları, həmçinin, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Atası Mükafat Yaqubov: Şəhid olmağa hazır idi. Mənə vəsiyyət də eləmişdi. Halallıq alıb, Lerik şəhərində böyüyüb, boya-başa çatdığına, məktəbi bitirdiyinə baxmayaraq, şəhid olarsa, Kələxan kəndində,- babasının yanında dəfn olunmasını vəsiyyət eləmişdi. Vəsiyyətini yerinə yetirdik,- Kələxan kəndində, babasının yanında dəfn elədik.
“N” saylı hərbi hospitalının baş həkiminin gündəliyindən: "Şuşa uğrunda döyüşlərdə sanitarlar çoxlu sayda ağır yaralılar və şəhidlər gətirirdilər. Gətirililərin əksəriyyətində köhnə sağalmamış yaralar müşahidə olunurdu. Bizim əsgər və zabitlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını tibbi personaldan gizlədirmişlər. Dünya tarixində heç bir müharibədə belə kütləvi şəkildə fədakarlıq olmayıb." P.S. - Nə qədər ağır olsa da bunu yazmalıyam:- Şəhidimiz Əliqismət son döyüşə gedəndə bədənində qəlpə yarası varmış...
Döyüş yoldaşı, kapitan Ceyhun Təhməzov deyir ki," Əliqismət qəlpə yarası ilə döyüşə getmişdi. Yaralı olmasına baxmayaraq o, məni və yüzlərlə digər yaralı döyüşçüləri döyüş meydanından çıxararaq ölümdən xilas edə bildi" .
Əzizağa Nəcəfov: (Yaqublu Əliqismətin müəllimi) - "Ən uca zirvəyə yüksələn kursantlarımdan biri, - kapitan Əliqismət Yaqublu. Onun ədəbiyyata, jurnalistikaya həvəsi böyük idi. İndi də onun yazdığı inşalar yadımdadır. Əmisi yazıçı, atası müəllimdir. Mənə əmisinin yazdığı I-ci Qarabağ savaşından bəhs edən roman hədiyyə etmişdi. Atasına hərbi ilə jurnalistikanı birləşdirə biləcək övladının olduğunu söyləmişdim. "Qoy hərbi jurnalist olsun," - demişdim. O isə xüsusi təyinatlı oldu. Hər zaman ürəyimdə, zehnimdə olacaq".
Əliqismət hər bir döyüşə könüllü gedirdi: Komandiri ( Hal-hazırda XTQ- nin komandanı general Ələkbər Cahangirov) söyləyir ki, "Biz onunla əlbəyaxa döyüşlərdən salamat çıxdıq, amma o minomyot mərmisi ilə Şəhid oldu. Çunki Xüsusi Təyinatlılardan düşmənlər qorxduqları üçün, ancaq uzaqdan, top və minomyotla vura bilirdilər. Onun haqqında çox xatirələrim var. Birini qısa deyim. Ön cəbhədə qızğın döyüş gedirdi. Bu vaxt Əliqismət xüsusi tapşırıqdan qayıdıb mənə raport verdi, elə bu zaman qızğın döyüş gedən yerdən ratsiya ilə xəbər verdilər ki, silah-sursat tükənir, təcili çatdırmaq lazımdır. Əliqismət təkid elədi ki, məni göndər, silah-sursatı aparım. Yorğun da olsa,məcbur olub göndərdim. Bir-neçə əsgər və silah-sursat kolonunu götürüb getdi. 5-6 dəqiqədən sonra zəng elədim ki, haradasınız? Çünki silah təcili çatmalı idi. Cavab verdi ki, filan kənddəyik. Dedim, həmin kənd hələ ermənilərin əlindədir, tez müdafiə mövqeyi tutun, çünki sizə hücum edəcəklər, əlavə qüvvə göndərirəm. Əlavə qüvvə göndərdim. Bir- neçə dəqiqədən sonra zəng elədim ki, özlərini qorusunlar, əlavə qüvvə gəlir. Cavab verdi ki, Komandir, narahat olma, kəndi götürdük, silahı da çatdırdıq. Əliqismət tez çatmaq üçün kəsə gedərək, erməni kəndindən keçmişdi, həm də az qüvvə ilə düşməni məhv edərək, sonradan göndərdiyim əlavə qüvvə hələ çatmamış silah-sursatı döyüş bölgəsinə tez bir zamanda çatdırmışdı. Onun bəzi işlərini və qəhrəmanlıqlarını demək hələ olmaz, çünki hərbi sirrdir... Şuşa hələ ermənilərdən azad olmamış, general Zaur Məmmədovu da Əliqismətə etibar edərək, düşmən arxasına keçməsi üçün birlikdə göndərmişdik. Generalı sağ-salamat düşmən arxasına keçirərək, Şuşaya hücumda böyük rəşadət və fədakarlıq göstərdi..."
Qəhrəman şəhidimiz Şuşa döyüşləri zamanı düşmənlə əlbəyaxa döyüşə girərək, onları süngü ilə məhv edən qəhrəmanlarımızdan biridir. Döyüş yoldaşı yazır: "Şuşa uğrunda gedən döyüşlərdə pusquya düşdük. artilleriya mərmisi düşdü, ikimiz də yaralandıq. Mən yaralı olduğum üçün onun bronjeletinin ipindən tutub 20 metr maşına sarı çəkdim ki, təxliyə olaq. Qollarımda canını tapşırdı. O son nəfəsində gülürdü, mən isə ağlayırdım, onun gözlərini qapamaq istəmirdim...."
Ailəsi ilə son zəngində övladlarının onun adına layiq böyüdülməsini, vətənə layiqli övlad kimi tərbiyə olunmasını istəyib: "Uşaqlarım mənim kimi qeyrətli olsunlar. Vətəni sevsinlər. Hərbçi olsunlar".
Hər bir döyüş yoldaşın sənin haqqında qürurla, sevgi ilə danışır şəhidim! İnsanlığın, mehribanlığınla hər birinin qəlbində taxt qurmağı bacarmısan! Məncə Allah da şəhidlik taxt tacını insanların qəlbini qazananlara qismət edir...
Sənin yolunu isə təkcə övladların deyil, vətənin bütün qeyrətli balaları, gəncləri davam edəcək! Sən öz cəsarətin, şücaətinlə onlara qəhrəmanlıq örnəyi oldun ölümü ilə ölümsüzlüyə qovuşan şəhidim! Ruhun şad, məkanın cənnət olsun! Səni unutmayacaq, unutdurmayacağıq!
Sevinc Bəhmənli.




