Bu günlərdə "Qazax" Xeyriyyə İctimai Birliyinin səhifəsində diqqətimi cəlb edən, məni son dərəcə düşündürən və duyğulandıran geniş bir xəbər oxudum. Xəbərin girişində bildirilirdi ki, “ADA Universitetinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant mərhum Şəmistan Nəzirlinin Qoridən gələn Qatar” kitabının təqdimatı keçirilib. Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Şəhid ailələri, ADA Universitetinin əməkdaşları, ziyalılar, elm adamları, millət vəkilləri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəmistan Nəzirlinin ailə üzvləri, media nümayəndələri iştirak edirdilər”. Bu geniş xəbər mənə həm də bir neçə tarixi dəyərləri xatırlatdı. Təbbi ki, həmin məqamları qələmə almağı özümə borc bildim.

İlk olaraq deyim ki, bəzən tarix bir kitabdan başlanmır, bir düşüncədən başlayır. Bəzən bir tədbir sadəcə səbəb olur amma əsas hadisə isə insan iradəsinin, zəkasının və milli məsuliyyət hissinin bir araya gəlməsidir. Elə “Qoridən gələn qatar”ın təqdimatı da belə bir məqam idi. Amma mənim yazımda adları keçən, fəaliyyətləri qismən görünən professor Hafiz Paşayev və professor İlham Pirməmmədov deyərdim kitabdan daha böyük bir missiyanın daşıyıcılarıdır. Bu iki ad bu gün Qazaxda dirçələn elm ocağının, milli maarifçilik ruhunun və gələcəyə yönəlmiş strateji düşüncənin simvoluna çevrilib.
Hafiz Paşayevin həyat yolu Azərbaycan ziyalısının klassik taleyini xatırladır. Elm, dövlətçilik və milli məsuliyyətin vəhdətini tamamlayır. Fizika elmləri doktoru, uzun illər Azərbaycanı ABŞ-da ləyaqətlə təmsil etmiş diplomat, yüzlərlə elmi və ictimai-siyasi məqalənin müəllifi olan bu insan üçün təhsil sadəcə peşə deyil, strateji dəyərdir. O, yaxşı bilir ki, millətin taleyi auditoriyalarda, laboratoriyalarda, kitabxanalarda formalaşır. Bu da təsadüfi deyil. Hafiz müəllim böyük ədib, böyük pedaqoq və maarifçi Mir Cəlal ocağında böyüyüb. Gözünü açıb səs eşidəndən evdə təhsil, ədəbiyyat, maarifçilik haqqında fikirlər gəlib qulaqlarına. Böyüdükcə ailədə bir insanlıq məktəbi ilə də qarşılaşıb və belə bir məktəbdə yetişib Hafiz müəllim. Beləcə də özü ilə bərabər böyük maarifçilik fəlsəfəsi də onunla bərabər böyüyüb. Çox uğurlu işlərdə imzası var Hafiz müəllimin. Elə ADA Universitetinin yaradılması və inkişafı da onun uzaqgörən baxışının nəticəsidir. Lakin Qazax Müəllimlər Seminariyasının bərpası daha böyük addım olmaqla, tarixi dəyər kimi artıq fərqli bir mərhələ demək oldu. Bu,əslində tarixlə dialoq idi. Hafiz müəllim təkcə bir binanı bərpa etmədi. O, milli yaddaşa hörmət nümunəsi yaratdı. O, daş divarlara yalnız təmir deyil, məna, dəyər qaytardı. Onun tez-tez vurğuladığı fikir bu gün Qazaxda real məna qazanıb: “Nə iş görürsünüz, çalışın nümunə olsun.”

Qazax Xeyriyyə İctimai Birliyinə gəldikdə isə deməliyəm ki, bu birlik ölkənin ən ağır illərində, erməni işğalının şiddətli, sərhəd bölgələrində yaşayan əhalinin əli yalın, ordu deyilən qurumun olmadığı vaxtlarında yaradılıb və təkcə ictimai qurum deyil, Qazax mahalının mənəvi dayaqlarından biri kimi ad qazanıb, böyük missiyalar yerinə yetirib. Bu birlik illərdir dövlətçilik ənənələrini yaşadan, maarifçilik ideyalarını dəstəkləyən, bölgənin tanınmış ziyalılarının irsini qoruyan, şəhid və qazi ailələrinə diqqət göstərən bir missiyanı daşıyır. Birliyin sədri professor İlham Pirməmmədov bu quruma sadəcə rəhbərlik etmir, onu mənəvi xətt üzərində formalaşdırır. Onun təşəbbüsü ilə görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, tarixi irsə dair nəşrlər işıq üzü görür, milli yaddaşın qorunmasına xidmət edən layihələr həyata keçirilir. Şəhid ailələri ilə görüşlər, qazilərə mənəvi və ictimai dəstək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönələn təşəbbüslər birliyin fəaliyyətində xüsusi yer tutur. Bu fəaliyyətin arxasında bir prinsip dayanır: Dövlətçilik yalnız siyasi anlayış deyil, mənəvi məsuliyyətdir.
Çox səmimi deyim ki, İlham Pirməmmədov üçün Qazax yalnız onun doğulduğu torpaq deyil. Qazax maarifçilik ənənəsinin beşiyidir. Qazax Müəllimlər Seminariyasının 100 illiyinin keçirilməsi təşəbbüsü, tarixi binanın taleyinə biganə qalmamamaq, dövlət səviyyəsində qərarların qəbuluna nail olmaq əslində prinsipial mövqeyin nəticəsidir. O, yaxşı bilirdi ki, keçmişə sahib çıxmayan xalq gələcəyini qura bilməz. Bütün bunlar isə iki zəkanın vəhdəti və Qazaxda doğulan yeni mərhələ kimi tarixə çevrildi. Bu da bir həqiqətdir ki, tarix böyük işləri təkbaşına yazmır. Tarix iradələrin vəhdətini sevir. Beləcə də hesab edirəm Hafiz Paşayevin strateji baxışı ilə İlham Pirməmmədovun maarifçi və dövlətçi mövqeyi birləşdi və Qazaxda yeni bir mərhələ başladı. ADA Qazax Mərkəzi isə bu vəhdətin real nəticəsi oldu. Bu mərkəz sadəcə magistr proqramlarının keçirildiyi bina deyil. O, regionla paytaxt arasında intellektual körpüdür. O, keçmişlə gələcək arasında mənəvi bağdır. O, milli təhsil modelinin yeni mərhələsidir. Burada yetişən hər bir gənc təkcə diplom almır, onlar maarifçilik ənənəsinin davamçısına çevrilirlər.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələdə təhsil, milli kimlik və dövlətçilik anlayışı bir-birindən ayrılmazdır. Hafiz Paşayev və İlham Pirməmmədovun birgə fəaliyyəti göstərir ki, işıq yalnız paytaxtdan yayılmamalıdır. O işıq bölgələrdə də doğulmalı, kök salmalı və böyüməlidir. Onların bu nəcib əməkdaşlığı bir mesajdır. Tarixə hörmət gələcəyə investisiyadır. Maarifçilik nostalji deyil, strateji seçimdir. Dövlətçilik isə məsuliyyət və vəfa tələb edir. Bunlar çox gözəldir, çox dəyərlidir. Dəyərli olan və qürur yaradan bir də odur ki, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Qazax Müəllimlər Seminariyasının tarixi-mədəni irsinin bərpası, köklü maarifçilik ənənələrinin dirçəldilməsi, milli təhsil dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi ardıcıl, məqsədyönlü və səmərəli fəaliyyətinə, habelə yüksək ictimai əhəmiyyətə malik xidmətlərinə görə "Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom"la təltif olunub. Burda da tarixi bir sevgi, ilahi bir hörmət və keçmişə bir sədaqət var. Sanki Mir Cəlal Paşayev və Səməd Vurğun dostluğu, birgə ədəbi fəaliyyət illəri bu təltiflə yenidən yaşandı, bu günkü birgə əməkdaşlığın zirvə nöqtəsi oldu.

Son olaraq onu da deyim ki, Qazax Müəllimlər Seminariyasının yenidən qurulması Azərbaycanın maarifçilik ənənələrinin yaşadılması istiqamətində atılan tarixi bir addımdır. 1910-cu ildə tikilən və Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyət göstərən bu məkan, xeyriyyəçi Məşədi İbrahimin hədiyyə etdiyi binada bərpa olunaraq milli-mədəni irsimizi gələcək nəsillərə çatdırır. Kompleksin restavrasiyası, o cümlədən ətrafdakı İsrafil ağa hamamı kimi tarixi abidələrin muzey və mədəniyyət mərkəzinə çevrilməsi ziyalılarımızın ocağına verilən dəyərin təcəssümüdür. Bu layihə sadəcə memarlıq bərpası deyil, həm də milli kimliyin və təhsil tarixinin qorunmasıdır. Aparılan yenidənqurma işləri, keçmişin işığını gələcəyə daşıyaraq Qazağı yenidən regionun mühüm intellektual mərkəzlərindən birinə çevirəcəkdir. Bu gün Qazaxda yanan işıq zəkanın, vəfanın və milli sevginin nəticəsidir. Və bu işıq sönmür, sönməyəcək də. Çünki bu işıq bir binada deyil, bir millətin yolunda yanır.
Qalib Rəhimli.