Sabah Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsidir.
Turkustan.az xəbər verir ki, bu gün yaz mövsümünün yaxınlaşmasının rəmzi hesab edilir və xalq təqvimində Novruza hazırlıqların başlanğıcı kimi qəbul olunur.
Boz ayın ilk çərşənbəsi olan Su çərşənbəsi qədim inanclara görə həyatın başlanğıcını simvolizə edir. Mifoloji təsəvvürlərdə su yaradılışın ilk ünsürü sayılır, dirilik və paklıq mənbəyi kimi qəbul olunur.
Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu” və “Gül çərşənbə” adları ilə də tanınır.
Su çərşənbəsi ilə bağlı inanclar və adətlər
Ənənəyə görə, bu gün su ilə bağlı müxtəlif mərasimlər icra olunur və onlar təmizlənmə, sağlamlıq və bərəkət rəmzi sayılır:
Gün doğmamış su üstünə getmək və əl-üz yumaq paklanma əlaməti hesab edilir.
İnsanlar bir-birinə su çiləyərək yeni ildə xeyir-dua verirlər.
Su üzərindən atlanmaq bədbəxtliklərin aradan qalxmasına yozulur.
Qorxulu yuxuların suya danışılması ilə insanın üzərindəki mənfi enerjinin yox olduğuna inanılır.
“Təzə su”dan keçənlərin və ya azar-bezarını suya verənlərin ilboyu xəstəlikdən uzaq olacağı düşünülür.
Yaralara su səpmək sağalma rəmzi kimi qəbul olunur.
Süfrəyə qoyulan suyun daşması bolluq və ruzi-bərəkət əlaməti sayılır.
Həyətlərdə tonqal qalanması təmizlənmə və yenilənmə ənənəsinin bir hissəsi kimi qorunur.
Qeyd edək ki, Novruza qədər digər çərşənbələr də ardıcıl şəkildə qeyd olunacaq: 2 mart - Od çərşənbəsi, 9 mart Yel çərşənbəsi, 16 mart - İlaxır (Torpaq) çərşənbəsidir.
Novruz bayramı 20, 21, 22, 23 və 24 mart tarixlərində qeyd olunacaq. 21 və 22 martın şənbə və bazara düşməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günü hesab ediləcək. /Yeni Sabah/